Şuşada keçirilən diplomatik görüşlər dünyaya regionda yeni reallıqların yarandığı mesajını verir - RƏY

Xarici siyasət
  • 18 sentyabr, 2025
  • 12:07
Şuşada keçirilən diplomatik görüşlər dünyaya regionda yeni reallıqların yarandığı mesajını verir - RƏY

Şuşada keçirilən hər bir diplomatik görüş Azərbaycanın ərazi bütövlüyünün bərqərar olduğunu, regionda yeni reallıqların yarandığını dünyaya mesaj verir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının əsrlər boyu mənəvi rəmzi olmuş Şuşa bu gün yalnız mədəniyyət paytaxtı kimi deyil, həm də diplomatik mərkəz kimi formalaşmaqda davam edir:

"Son illər dövlət səviyyəsində keçirilən rəsmi tədbirlər, beynəlxalq görüşlər və yüksək protokol qaydalarının tətbiqi Şuşanı Azərbaycanın yeni diplomatik platformasına çevirib. Şuşanın diplomatik mərkəzə çevrilməsinin əsas səbəblərindən birincisi Şuşanın strateji və rəmzi əhəmiyyətidir. Qarabağın azad edilməsi ilə Azərbaycan dövlətçiliyinin gücü bütün dünyaya nümayiş etdirildi. Bu baxımdan Şuşada keçirilən hər bir diplomatik görüş Azərbaycanın ərazi bütövlüyünün bərqərar olduğunu, regionda yeni reallıqların yarandığını dünyaya mesaj verir".

Milli Məclisin üzvü bildirib ki, Şuşa həm də tarixi-mədəni simvol olaraq Azərbaycanın gücünü, milli birliyini və qalib mövqeyini nümayiş etdirir: 

"İkincisi, diplomatiyada yeni rəmzi məkanın formalaşdırılmasıdır. Əgər əvvəllər bütün rəsmi tədbirlər ənənəvi olaraq Bakıda keçirilirdisə, bu gün Şuşanın seçilməsi Azərbaycanın diplomatiyasında yeni məzmun yaradır. Bu, ölkənin xarici siyasət xəttinə xüsusi simvolizm qatır. Azərbaycanın dostları və tərəfdaşları ənənəvi paytaxtla yanaşı, işğaldan azad olunmuş bölgələrdə də qarşılanır və beləliklə, Qarabağın dirçəlişi beynəlxalq səviyyədə nümayiş olunur. Üçüncüsü, regional diplomatik təsir imkanlarının genişlənməsidir. Şuşada keçirilən beynəlxalq tədbirlər həm region dövlətlərinin, həm də daha geniş coğrafiyadan olan tərəfdaşların diqqətini Qarabağa yönəldir. Bu isə Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir, ölkənin siyasi nüfuzunu artırır".

Şahin Seyidzadə

Ş.Seyidzadə diplomatik görüşlərin Şuşada təşkilinin Azərbaycanın xarici siyasətinə bir neçə mühüm məzmun qazandırdığına diqqət çəkib: 

"Şuşada keçirilən hər bir tədbir Azərbaycanın qalib dövlət imicini möhkəmləndirir. Xarici qonaqlar bu şəhərdə qəbul olunmaqla Azərbaycanın suverenliyinə hörmət göstərdiklərini təsdiqləmiş olurlar. Diplomatik platformaların Şuşada qurulması dünya ictimaiyyətinin diqqətini Qarabağın bərpasına və inkişafına yönəldir. Bu, həm iqtisadi əməkdaşlıq, həm də siyasi dəstəyin güclənməsinə şərait yaradır. Azərbaycanın diplomatiyası artıq yalnız Bakıya əsaslanmır. Bu, ölkənin diplomatik fəallığını regionlara yayır və yeni imkanlar açır. Şuşa isə bu baxımdan həm tarixi, həm də siyasi gücə malik ideal məkandır. Şuşada keçirilən tədbirlər Azərbaycanın bölgədə sabitlik və əməkdaşlıq tərəfdarı olduğunu göstərir. Bu şəhərdə qurulan diplomatik dialoqlar gələcəkdə regional sülh proseslərinə də töhfə verir. Beləliklə, Azərbaycanın diplomatiyasında yeni dövr başlayıb – bu dövrün mərkəzi Şuşadır".

Deputat Şuşada keçirilən beynəlxalq tədbirlərin yalnız dövlətin qələbəsini və gücünü əks etdirmədiyini, həm də Azərbaycanın gələcəyə hesablanmış xarici siyasətinin yeni simasını ortaya qoyduğunu qeyd edib: 

"Qarabağın simvolu olan Şuşa həm tarix, həm mədəniyyət, həm də diplomatiya baxımından müstəqil Azərbaycanın parlaq uğurudur. Artıq Şuşa tək mədəniyyət mərkəzi yox, həmçinin də diplomatik mərkəzə çevrilib".  

Son xəbərlər

Bütün Xəbər Lenti