Şuşa diplomatik dialoqların və beynəlxalq tədbirlərin keçirildiyi yeni mərkəzdir - RƏY

Xarici siyasət
  • 18 sentyabr, 2025
  • 11:46
Şuşa diplomatik dialoqların və beynəlxalq tədbirlərin keçirildiyi yeni mərkəzdir - RƏY

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin uğurlu gedişatı olmaqla yanaşı, həm də regionda yaranan yeni siyasi və iqtisadi reallıqların göstəricisidir.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, son illərdə Azərbaycan ilə BƏƏ münasibətləri sürətlə inkişaf edir, ölkələr arasında tərəfdaşlıq bu gün enerji, investisiya və ticarət sahələrində də genişlənir:

"BƏƏ Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada görüşməsi isə həm siyasi, həm də rəmzi məna daşıyır. Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də diplomatik dialoqların və beynəlxalq tədbirlərin keçirildiyi yeni mərkəzdir. Son illərdə Şuşada ard-arda yüksək səviyyəli görüşlər və beynəlxalq tədbirlər keçirilir. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində strateji müttəfiqliyin zirvəsi kimi tarixə düşdü. Ardınca Pakistan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin liderləri Şuşanı ziyarət etdilər. Şəhərdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Şuşa Qlobal Media Forumu, beynəlxalq mədəniyyət tədbirləri və müxtəlif konfranslar təşkil olundu".

Ülviyyə Zülfiqar

Ü.Zülfiqarın fikrincə, bu ardıcıllıq göstərir ki, Qarabağ artıq sülh və əməkdaşlıq gündəliyi ilə tanınır.

"Torpaqlarımız işğaldan azad olunub, münaqişə tarixə qovuşub. Xarici dövlət başçılarının Şuşanı ziyarət etməsi regionun iqtisadi və diplomatik mərkəzə çevrilməsinə təkan verir. Şeyx Məhəmməd bin Zayed ilə görüşün məhz Şuşada keçirilməsi də bu siyasətin davamıdır. Bu addım bir tərəfdən Qarabağın yenidən dirçəlişini dünyaya göstərir, digər tərəfdən isə Azərbaycanın bölgədə sülh təşəbbüslərinə dəstək mesajını vurğulayır, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət strategiyasına diqqət çəkir".

Bununla yanaşı o qeyd edib ki, BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

"Bu səfər bir daha göstərdi ki, Azərbaycan həm Cənubi Qafqazın siyasi mərkəzi, həm də Körfəz ölkələri üçün etibarlı tərəfdaş kimi qlobal gündəmdə öz yerini möhkəmləndirir".

Son xəbərlər

Bütün Xəbər Lenti