Suriya Milli İtkin Şəxslər Komissiyası: Ölkədə təxminən 140 min nəfər itkin düşüb
- 08 oktyabr, 2026
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda Suriyada itkin şəxslərin sayı ilə bağlı yekun və vahid milli rəqəm yoxdur. Ancaq müxtəlif hesablamalara görə, təxminən 140 000 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bunu Suriya Milli İtkin Şəxslər Komissiyasının sədr müavini Ammar Alesah "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın ikinci günü çərçivəsində keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, Suriyada qarşıda duran problemlərin miqyası olduqca böyükdür:
"Bəşər Əsəd rejimi dövründə məcburi yoxaçıxma və saxlanılma hallarının qurbanları var. İŞİD tərəfindən oğurlanan insanlar var. Hərbi əməliyyatlar və zorakılıq nəticəsində itkin düşənlər var. Həmçinin məcburi köçkünlük zamanı və sərhədlərdən keçərək miqrasiya edərkən yoxa çıxan suriyalılar var".
Ammar Alesah qeyd edib ki, bu müxtəliflik Suriyada itkin şəxslər məsələsinin mürəkkəb olmasının səbəblərindən biridir:
"Bu məsələni yalnız bir məlumat bazası və ya təkcə texniki üsulla həll etmək mümkün deyil. Ona görə də beynəlxalq tərəfdaşlıq çox vacibdir. Bu, sadəcə maliyyə və ya texniki yardım kimi deyil, Suriyaya uzunmüddətli perspektivdə bu məsuliyyəti öz üzərinə götürə biləcək institusional strukturun qurulmasına kömək edən tərəfdaşlıq kimi nəzərdən keçirilməlidir".