Şri-Lanka nümayəndəsi: Mənzil əsas iqtisadi infrastrukturdur

Xarici siyasət
  • 17 may, 2026
  • 12:00
Şri-Lanka nümayəndəsi: Mənzil əsas iqtisadi infrastrukturdur

Şri-Lanka şəhər inkişafında inteqrasiya olunmuş mənzil sistemlərinə, iqlim risklərinə davamlılığa və vətəndaşların layiqli mənzil hüququnun müdafiəsinə əsaslanan yeni modelə keçdiyini elan edib.

"Report" xəbər verir ki, bu barədə Şri-Lanka nümayəndəsi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bəyan edib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti mənzil siyasətini ayrıca bir istiqamət kimi deyil, əhalinin həyat keyfiyyətinə birbaşa təsir edən fundamental iqtisadi infrastruktur kimi nəzərdən keçirir.

"Mənzil təcrid olunmuş sektor deyil. Bu, sağlamlığı, təhsili və insan ləyaqətini müəyyən edən əsas iqtisadi infrastrukturdur", - o vurğulayıb.

Şri-Lanka nümayəndəsi qeyd edib ki, yeni inkişaf modelinin əsas məqsədi sosial inklüzivliyi təmin edə və əhali üçün iqtisadi imkanlar yarada bilən inteqrasiya olunmuş şəhər sistemlərinin formalaşdırılmasıdır.

O, həmçinin iqlim fəlakətlərinin səbəb olduğu nəticələrə görə ölkənin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində üzləşdiyi ciddi çətinliklərə diqqət çəkib. Xüsusilə 2018-ci ildə baş vermiş "Gita" tropik siklonu əsas sınaqlardan biri olub.

"Gita" siklonu şəhər yaşayış məntəqələrimizin struktur zəifliklərini üzə çıxaran dönüş nöqtəsi oldu", - ölkə nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, hazırda Şri-Lanka şəhər idarəetmə sistemində genişmiqyaslı islahat həyata keçirir, parçalanmış xidmətlərdən inteqrasiya olunmuş inkişaf modellərinə keçid edir.

Nümayəndə qeyd edib ki, islahat çərçivəsində ölkənin ekosistemi və su təhlükəsizliyi üçün kritik əhəmiyyətə malik Mərkəzi Dağlıq Ərazinin qorunması üzrə xüsusi dövlət orqanı yaradılır.