Sibiqa Qara və Azov dənizlərində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib
- 06 avqust, 2026
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hərbi əməliyyatlar zamanı Qara və Azov dənizlərində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, nazir bununla bağlı Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Nazir, həmçinin həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.
Xatırladaq ki, iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları olub. Gəmilərdə olan ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4-ü ölüb, 4-ü yaralanıb.
Bundan başqa, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. İyulun 15-də gəminin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Vətənə yola salınıb. Sonra gəminin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanıb və Odessaya, oradan da Azərbaycana göndərilib. S.Nəsrullayevin cənazəsi iyulun 19-da Lənkəranda torpağa tapşırılıb.