Şerzodxon Kudratxoca: Azərbaycan Özbəkistan üçün Avropaya açılan pəncərədir - EKSKLÜZİV
- 25 avqust, 2026
- 16:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Mədəni və humanitar əməkdaşlığın inkişafı Azərbaycan və Özbəkistan arasında digər sahələrdə də əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Bu barədə "Report"un Daşkəndə ezam olunan müxbirinə müsahibəsində Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerzodxon Kudratxoca bildirib.
O qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədədir və iqtisadiyyat, ticarət, mədəniyyət və təhsil sahələrində qarşılıqlı fəaliyyət fəal şəkildə inkişaf edir.
"Bu gün Azərbaycan-Özbəkistan münasibətləri öz pik həddinə, ən yüksək nöqtəsinə çatıb. Bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün böyük işlər görülür", - rektor deyib.
Onun sözlərinə görə, iki ölkə arasındakı sıx siyasi münasibətlər ikitərəfli qarşılıqlı fəaliyyətin genişlənməsində mühüm rol oynayır.
Rektor həmçinin media sahəsində birgə layihələrin həyata keçirilməsinin və gənclər auditoriyası üçün müasir mədəni kontentin yaradılmasının zəruriliyini vurğulayıb.
"Buna ehtiyac var. Biz Azərbaycan sənətçilərini çox sevirik, Azərbaycanda isə, bildiyim qədərilə, özbək ifaçılarını, "Yalla" qrupunu və tarixi filmlərimizi sevirlər. Lakin XXI əsrdə kontenti yeniləmək, gənclərin izləməsi üçün onu daha kreativ və maraqlı etmək lazımdır", - o bildirib.
İqtisadi qarşılıqlı fəaliyyətdən danışarkən o, Özbəkistan məhsullarının Avropa bazarlarına çıxışı üçün əsas marşrutlardan biri kimi Azərbaycanın strateji əhəmiyyətini qeyd edib.
"Azərbaycan bizim üçün Avropaya pəncərədir. Heç kim Azərbaycandan yan keçə bilməz, çünki o, bu coğrafi nöqtədə yerləşir. Bununla belə, Özbəkistan çox böyük ixrac potensialına malikdir", - rektor vurğulayıb.
O, həmçinin nəqliyyat marşrutlarının inkişafının və Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd edib:
"Malların, ideyaların və bir çox digər şeylərin mübadiləsinin həyata keçiriləcəyi Orta Dəhlizin bir hissəsi kimi Zəngəzur dəhlizinin açılması bizim üçün çox böyük əhəmiyyət kəsb edir".