Şərqi avropalı mütəxəssislər Azərbaycanla münasibətlərin ötənillik yekununu şərh ediblər

Xarici siyasət
  • 05 yanvar, 2022
  • 13:28
Şərqi avropalı mütəxəssislər Azərbaycanla münasibətlərin ötənillik yekununu şərh ediblər

Şərqi Avropa dövlətlərinin bir neçə mütəxəssisi 2021-ci ildə ölkələrinin Azərbaycanla əlaqələrində baş verənləri “Report”a şərh ediblər.

Moldovanın tanınmış eksperti, “İntellect Group” sosioloji mərkəzinin rəhbəri Yan Lisnevski “Report”un Şərqi Avropa bürosuna bildirib ki, 2021-ci il Moldova üçün siyasi baxımdan çətin keçdi və əksər siyasətçilər əsasən daxili münaqişələr, hökuməti formalaşdırmaq cəhdləri və növbədənkənar parlament seçkiləri ilə məşğul idi. Buna baxmayaraq, beynəlxalq münasibətlər gündəmdən düşmədi: “Azərbaycanla Moldova arasında iqtisadi və mədəni əlaqələr hələ sovet dövründə formalaşıb və inkişaf etməkdə davam edir. Azərbaycan Moldova üçün əsas ixracatçılardan biri olaraq qalır, Moldovada 200-ə yaxın Azərbaycan şirkəti qeydiyyatdan keçib. İnsan tələfatının qarşısını almağa çalışmaqla yanaşı, öz ölkələrinin ərazisində ərazi münaqişələrini həll etmək istəyi baxımından da bu iki ölkə arasında münasibətlər yaxındır. İki ölkə arasında mədəni mübadilə inkişaf etməkdə davam edir. 2021-ci il noyabrın 8-də Moldovadakı səfirliyin yaxınlığındakı parkda Azərbaycanın 2020-ci il Vətən müharibəsində qələbəsinə həsr olunmuş barelyefin açılışı olub".

Yan Lisnevski
Yan Lisnevski

Onun sözlərinə görə, hər iki ölkə elmi araşdırmalar sahəsində əməkdaşlığı davam etdirir: "Bu, fikrimcə, geosiyasət qədər maraqlı və ya iqtisadi əlaqələr qədər sərfəli olmaya bilər, lakin gələcək nəsil və hər iki ölkənin imkanları üçün ən vacib olanıdır. Rəsmi fəaliyyətlə yanaşı, idman, mədəni və xeyriyyə aksiyaları ilə seçilən Moldova Azərbaycanlıları Konqresinin fəaliyyətini də qeyd etmək olar”.

Slovakiyalı ekspert Vladislav Antipin isə “Report”un Şərqi Avropa bürosuna deyib ki, ötən bir ildə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikasına diqqət çəkib: “Bunu xüsusilə qeyd etmək istərdim. Dekabrın 15-də Brüsseldə keçirilmiş "Şərq Tərəfdaşlığı" Sammiti inkişaf üçün yaxşı zəmin yaratdı və müsbət tendensiyalar ortaya çıxardı. Sammit çərçivəsində Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında qeyri-rəsmi görüş də keçirildi. İqtisadi məsələlərə gəlincə, deyə bilərəm ki, Avropanın biznes dairələri Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə can atır. Hesab edirəm ki, 2021-ci il Azərbaycan üçün olduqca uğurlu bir il oldu”.

Vladislav Antipin
Vladislav Antipin

Ukrayna Ali Radasının (parlament) deputatı Lyüdmila Buymister “Report”un Şərqi Avropa bürosuna qeyd edib ki, 2019-cu ildə Azərbaycanla bir sıra sahələr üzrə çox vacib sənədlər imzalandıqdan sonra bu əməkdaşlığın növbəti illərdə də, xüsusilə 2021-ci ildə də möhkəmləndiyinin şahidi olublar: “Prezidentlər Volodimir Zelenski ilə İlham Əliyevin Brüssel görüşündə Azərbaycan liderinin Ukraynaya rəsmi səfəri razılaşdırılıb. Digər kiçik bir nailiyyət Ukraynanın aşağı büdcəli təyyarə şirkətinin Azərbaycana uçuşlarının başlanması ilə bağlıdır. Bütün bunlar iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verir. Ümid edirəm ki, gələn il iqtisadi sahədə əməkdaşlıq inkişaf etdiriləcək. Hər iki ölkə paylaşa biləcəyi təcrübəyə malikdir. Bura həm də enerji sahəsi daxildir. Ukraynada çoxsaylı elektrik stansiyaları qurulub. Bundan başqa, nəqliyyat sahəsində əməkdaşlıq etmək mümkündür. Azərbaycan, Ukrayna və Türkiyəni Avropaya birləşdirəcək logistika xətləri yaradıla bilər. Dekabr ayında Gəncə və Odessa arasında aşağı büdcəli təyyarə reysləri açılıb. İmzalanmış ikitərəfli razılaşmaları yerinə yetirməyə davam edirik. Arzu edərdik ki, daha çox birgə layihələr həyata keçirilsin, daha çox ünsiyyət olsun, Azərbaycan diasporu Ukraynada ərazi bütövlüyü sahəsində daha çox tədbirlər keçirsin, çünki bu sahədə təcrübə mübadiləsinə böyük ehtiyac var”.

Lyüdmila Buymister
Lyüdmila Buymister

Estoniya Riyhikoqunun (parlament) deputatı Mixail Korb isə “Report”un Şərqi Avropa bürosuna vurğulayıb ki, ölkəsi ilə Azərbaycanın münasibətləri Avropa İttifaqı kontekstində ötən il qənaətbəxş olub: “Xüsusilə Prezident İlham Əliyevin Brsüssel görüşü Azərbaycanla münasibətlərdə geridə qalan ilin məhsuldar göstəriciləridir”.

Deputat Azərbaycana səfərini də qeyd edib: “Biz ötən il Azərbaycanda səfərdə olduq. Müharibədən sonrakı vəziyyətlə tanış olduq. Münaqişənin bitməsi təqdirəlayiq haldır və bölgədə əbədi sülh qlobal münasibətlərdə əsas stimullardan olardı”.

Mixail Korb
Mixail Korb