Serbiya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır - EKSKLÜZİV

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 11:29
Serbiya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır - EKSKLÜZİV

Serbiyanın "Yugoimport SDPR" dövlət şirkəti Azərbaycanla müdafiə, o cümlədən pilotsuz uçuş aparatları və dron əleyhinə sistemlər sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Bu barədə "Report"a Bakıda keçirilən "ADEX-2026" sərgisi çərçivəsində "Yugoimport SDPR"in kommersiya məsələləri üzrə direktorluğunun koordinatoru Aleksandar Liyakoviç bildirib.

Onun sözlərinə görə, Serbiya və Azərbaycan uzun illərdir ki, müdafiə sahəsində, o cümlədən bir neçə kompleks proqram çərçivəsində əməkdaşlıq edir: "Biz texnologiyaların ötürülməsi və tədarük daxil olmaqla, müxtəlif sahələrdə işləyirik. Bir neçə istiqamət üzrə bu əməkdaşlığın daha da genişləndirilməsini gözləyirik".

A.Liyakoviç bildirib ki, Serbiya tərəfi pilotsuz uçuş aparatları, dron əleyhinə sistemlər, qısamənzilli hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və partlayıcı maddələr sahəsində işləmələrə malikdir.

Xüsusilə, "Yugoimport SDPR" 120 km-ə qədər fəaliyyət mənzilinə malik, termal kamera və məlumat ötürmə kanalı ilə təchiz edilmiş "Gavran" baraj sursatını təqdim edib.

Azərbaycanla əməkdaşlıqdan danışan A.Liyakoviç həmçinin ölkəyə Serbiyanın 155 millimetrlik "Nora" özüyeriyən haubitsalarının tədarükünü xatırladıb. Onun sözlərinə görə, sistem bir neçə modernləşdirmə mərhələsindən keçib, onun ən yeni versiyası isə atəşə hazır 30 mərmidən ibarət döyüş dəsti əldə edib.

Şirkət nümayəndəsi vurğulayıb ki, Serbiya müdafiə sənayesi silah və döyüş sursatlarının həm Qərb, həm də Şərq standartları ilə işləmək qabiliyyətinə malikdir.