Səməd Seyidov: "Ali dəyərlərdən istifadə edərək ölkələrə təsir göstərmək istəyirlər"

Xarici siyasət
  • 30 yanvar, 2020
  • 12:40
Səməd Seyidov: Ali dəyərlərdən istifadə edərək ölkələrə təsir göstərmək istəyirlər

"Ali dəyərlərdən istifadə edərək ölkələrə təsir göstərmək istəyirlər"

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında bildirib.

"Biz konstruktiv yanaşmanı göstərdik. Avropa Şurasının üzvlərinə minnətdarıq ki, onlar Azərbaycanın konstruktiv yanaşması haqqında konkret söhbət açdılar. Azərbaycan, doğrudan da, bir ay bundan əvvəl konstruktiv fəaliyyət göstərməyə hazır idi. Lakin məruzəçi Azərbaycanda keçirilən seçkiləri təhqir edərək, müdaxilə edərək dalbadal bəyanatlar verməyə başladı və ən əsası isə məruzənin tərkibinə elə bir məsələləri daxil etməyə başladı ki, onlar qəti qəbuledilməzdir. Hətta Avropa İnsan Haqları Məhkəməsinin qəbul etmədiyi termini belə məruzəyə saldı. Biz öz xoş niyyətimizi göstərdik. Biz əməkdaşlıq etməyə həmişə hazır idik, lakin bu şəkildə yox. Biz təsir altında heç bir sənədi qəbul etməyəcəyik. Biz bu sənədi Azərbaycana birbaşa təsir kimi, Azərbaycanın milli maraqlarına zidd kimi və Azərbaycana insan haqları vasitəsilə təsir kimi qiymətlənidiririk", - deputat deyib.

Səməd Seyidov bu problemin yalnız Azərbaycana aid olmadığını bildirib: "Bu gün bu yalnız Azərbaycanla bağlı bir məsələ deyil. Avropa Şurasında dəhşətli bir böhran özünü göstərməkdədir. Siz özünüz görürsünüz ki, muzakirələrdə bunlar ali dəyərlərdən tamamilə başqa məqsədlərlə istifadə edib ölkələrə təsir göstərmək istəyirlər. Siz siyahıya baxın. Çıxış edənlərin siyahısında Ermənistandan başqa yalnız 3-4 ölkədən nümayəndələr var idi".