Şəkidə İƏT ölkələrinin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirilir - YENİLƏNİB
- 29 oktyabr, 2025
- 12:00
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkidə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası işinə başlayıb.
"Report"un Şəkiyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə təşkilata üzv ölkələrin dövlət qurumlarının təmsilçilərinin, o cümlədən ekspertlərin iştirakı ilə İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, Azərbaycanda və üzv dövlətlərdə İpək Yolu irsi mövzusu üzrə təqdimatlar edilib.
İclasda İşçi Qrupun fəaliyyəti və məqsədləri, tarixi İpək Yolunun turizm potensialından istifadə, İpək Yolu təşəbbüsü üzrə gənclərin və tələbələrin mübadiləsi proqramları, üzv ölkələr arasında müştərək turizm paketlərinin yaradılması, birgə brendinq və təbliğat təşəbbüsləri, eləcə də İƏT-in İpək Yolu üzrə onlayn platforması və illik forumunun təşkili, üzv ölkələrdə İpək Yolu irsinin qorunması, bu irsin turizmin davamlı inkişafında əhəmiyyəti və digər məsələlərə toxunulub.
Eyni zamanda, Azərbaycanda İpək Yolu turizminin inkişaf konsepsiyası, Azərbaycanda İpək Yolu üzrə qastronomik təcrübələr, həmçinin Azərbaycan və Özbəkistan arasında cari ilin aprel ayında imzalanmış "İpək Yolu turizmi sahəsində Anlaşma Memorandumu"nda nəzərdə tutulan tədbirlər haqqında məlumat verilib.
Qeyd edək ki, İƏT-in İpək Yolu üzrə İşçi Qrupu qurumun bu il fevralın 24-27-də Tehranda keçirilən Turizm Komitəsinin toplantısı çərçivəsində yaradılıb.
Şəkidə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirilir.
"Report"un Şəkiyə ezam olunan əməkdaşı xəbər verir ki, iclasda İƏT ölkələrinin aidiyyəti dövlət qurumlarının təmsilçiləri və ekspertlər iştirak edir.
Toplantıda İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivləri müzakirə ediləcək, həmçinin Azərbaycanda və üzv dövlətlərdə İpək Yolu irsi mövzusu üzrə təqdimatlar olacaq.