Səfir: Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi beş ay ərzində 10 %-dən çox artıb
- 22 iyul, 2026
- 15:29
Yeniliklərdən dərhal xəbərdar olun!
2026-cı ilin ilk beş ayı ərzində Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 10 %-dən çox artıb və bu müsbət dinamika ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün şərait yaradır.
"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "İnterfaks-Ukrayna" agentliyinə müsahibəsində bildirib.
"Son iki il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində sabit artım müşahidə olunur. Cari ilin ilk beş ayı ərzində artım 10 %-dən çox təşkil edib. Dinamika qorunub saxlanılır və qarşılıqlı faydalı ticarətin genişləndirilməsi üçün əhəmiyyətli perspektivlərimiz var", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Azərbaycana əsasən kənd təsərrüfatı məhsulları ixrac edir, idxal etdiyi məhsullar isə gübrə, neft və neft məhsulları, eləcə də zədələnmiş enerji infrastrukturunun bərpası üçün istifadə olunan enerji avadanlıqlarıdır.
Qusev vurğulayıb ki, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət kəsb edir, çünki bu, tranzit nəqliyyat dəhlizlərinin inkişafına kömək edir və ukraynalı istehsalçılar üçün Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxış imkanı açır.
"Ukrayna şirkətləri Azərbaycanı təkcə ayrıca bir bazar kimi deyil, həm də Mərkəzi Asiya ölkələrinin bazarlarına giriş qapısı kimi qiymətləndirir", - səfir bildirib.
O, həmçinin bildirib ki, tərəflər Qara dəniz-Xəzər regionunda nəqliyyat marşrutlarının inkişafı, o cümlədən Ukrayna ilə Cənubi Qafqaz arasında bərə əlaqəsinin bərpası üzərində işləməyə davam edir, eləcə də əczaçılıq sahəsində əməkdaşlığı inkişaf etdirirlər.