Türkmənistan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır
- 18 iyun, 2025
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkmənistanın xarici siyasətinin əsas istiqamətlərindən biri də qardaş Azərbaycanla əlaqələrin möhkəmləndirilməsidir.
“Report” xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirin açılışında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat, logistika, neft və qaz sahələrində yüksələn xətlə inkişaf etməkdədir:
"Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndirir və bunu dəyərləndiririk. Azərbaycan bizim üçün qardaş ölkə, xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi davamlı olaraq gücləndirəcəyik”.
Səfir bildirib ki, Türkmənistan və Azərbaycan enerji sektorunda çox sıx ticarət-iqtisadi əlaqələrə malikdir:
"Əməkdaşlığın möhkəmləndirilməsi və dövlətlərarası münasibətlərin perspektivləri, o cümlədən onların inkişaf yolları ilə bağlı daim konstruktiv fikir mübadiləsi aparılır. Hazırda Türkmənistan müxtəlif istiqamətlər üzrə ixrac potensialını fəal şəkildə şaxələndirir, o cümlədən Xəzər dənizi vasitəsilə qardaş ölkələrimiz olan Azərbaycan və Türkiyə ərazisi ilə enerji ehtiyatlarının üçüncü ölkələrin bazarlarına nəqlinin artırılması imkanları qiymətləndirilir”.