Səfir: Pakistan Qarabağın bərpasında iştirak etməyə hazırdır
- 11 sentyabr, 2026
- 12:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan Qarabağın bərpasında iştirak etməyə, o cümlədən bu işə tikinti şirkətlərini cəlb etməyə hazırdır.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin diplomatik korpusun Qarabağa səfəri zamanı bildirib.
Diplomat regionda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, Xankəndinin fəal inkişafını qeyd edib:
"Azərbaycan burada bərpa işləri üzrə qızıl standartın yaradılması ilə qürur duymalıdır. Bu, beynəlxalq ictimaiyyət üçün bir nümunədir – müharibədən ciddi zərər çəkmiş ərazini belə qısa müddət ərzində necə bu cür gözəl bərpa etmək olar".
Səfir bildirib ki, Pakistan Azərbaycanla əməkdaşlığın bir neçə istiqamətini nəzərdən keçirir: "Bu yaxınlarda müdafiə sahəsində böyük bir müqavilə bağladıq və ümid edirik ki, hazırda iri enerji layihəsinin razılaşdırılmasının yekun mərhələsindəyik".
Onun sözlərinə görə, İslamabad Qarabağ bölgəsinin bərpasına töhfə verməyə hazırdır: "Pakistan tikinti şirkətlərimiz, müəllimlərimiz və həkimlərimizlə birlikdə Qarabağa gəlməyə hazırdır. Azərbaycan qardaş ölkədir və biz onunla bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq".