Səfir: İran və Azərbaycan arasında dini-mədəni əlaqələrin inkişafı üçün yeni perspektivlər mövcuddur
- 08 sentyabr, 2025
- 17:46

İran ilə Azərbaycan arasında dini və mədəni sahədə ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər mövcuddur.
"Report" xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə deyib.
O dostluq, qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin önəminə toxunaraq qeyd edib ki, bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü əhəmiyyət dayışır.
R.Məmmədov isə vurğulayıb ki, İlham Əliyev və Məsud Pezeşkianın rəhbərliyi ilə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi bütün sahələrdə əməkdaşlığın inkişafına müsbət dinamika verir.
Görüş zamanı Azərbaycanda mövcud olan dini tolerantlıq və multikultural mühit, müxtəlif dini konfessiyaların azad və təhlükəsiz fəaliyyəti üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib. R.Məmmədov vurğulayıb ki, Azərbaycanda mövcud olan müxtəlif dini icmalar üçün dövlət tərəfindən bərabər şərait yaradılıb. Onun sözlərinə görə, eyni zamanda, ölkədə dinə yüksək səviyyədə dövlət qayğısı bütün konfessiyaları əhatə edir.
Komitə sədri əlavə edib ki, dövlətin din siyasəti ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması, yenilərinin tikilməsi, dini icmalara maliyyə yardımının göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə öz əksini tapır.