Səfir: Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir
- 21 avqust, 2026
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı bundan sonra da dərinləşdirmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycan həmçinin müdafiə və təhlükəsizlik sahəsində mühüm tərəfdaş olaraq qalır və bu gün qeyd olunan sahədə ikitərəfli əməkdaşlıq misli görünməmiş səviyyəyə çatıb:
"Biz Azərbaycanın öz potensialını qoruyub saxlamaqla yanaşı, Böyük Britaniyanın müdafiə sahəsindəki təcrübəsindən istifadə etməsinə imkan verəcək təlimlər, müdafiə sahəsində daha sıx əlaqələr və əməkdaşlıq imkanları vasitəsilə bu sahədə əməkdaşlığı bundan sonra da dərinləşdirməyə çalışırıq".
Səfir qeyd edib ki, Böyük Britaniya Azərbaycanda minatəmizləmə fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmağı ilə fəxr edir.
"Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyirik", - o vurğulayıb.
Onun sözlərinə görə, Böyük Britaniya mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edir.
"Biz narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla, mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları ilə işləyirik. Böyük Britaniya hər iki ölkənin daha sıx əməkdaşlıqdan faydalanması üçün öz təcrübəsini bölüşmək, Azərbaycanın hüquq-mühafizə orqanlarının geniş təcrübəsi və imkanlarından istifadə etmək fürsətinin olması ilə fəxr edir", - səfir bildirib.