Səfir: Belçika Azərbaycanla Aİ arasında münasibətlərin daha da dərinləşməsini dəstəkləyir
- 13 noyabr, 2025
- 19:48
Belçika Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir.
"Report" xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon Kral Günü münasibətilə keçirilən qəbul zamanı bildirib.
"Biz (Belçikada – red.) Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsini tam şəkildə dəstəkləyirik. Bu inkişaf edən əlaqələr qarşılıqlı, açıq, proqnozlaşdırıla bilən və sabit əməkdaşlığa əsaslanan münasibətlərə olan ümumi istəyi əks etdirir. Müasir dünyada bəzi qüvvələr bu prinsipləri sarsıtmağa çalışdığı bir vaxtda, mən onların möhkəmləndirilməsini xüsusilə vacib hesab edirəm", – deyə diplomat vurğulayıb.
Bakı ilə Brüssel arasında ikitərəfli münasibətlərdən danışan səfir müsbət dinamikanın şahidi olduğunu qeyd edib.
"Belçika Baş nazirinin Bakıya ilk səfəri münasibətlərimizin tarixində mühüm mərhələ oldu. O vaxtdan bəri əməkdaşlığımız müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir. Xüsusilə, Belçika vətəndaşlarının tranziti zamanı və İranla hərbi qarşıdurma fonunda diplomatik heyətimizin təxliyəsində Azərbaycanın göstərdiyi dəstəyi qeyd etmək olar. Bu vəziyyətdə göstərilən yardıma görə Azərbaycan hakimiyyətinə bir daha təşəkkürümü bildirmək istərdim," – Jülyen de Frepon qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər daimi siyasi dialoq və insanlar arasında aktiv təmaslar üzərində qurulub ki, bu da hər iki cəmiyyətin zənginləşməsinə xidmət edir.
Səfir həmçinin məmnunluqla əlavə edib ki, Belçika şirkətləri Azərbaycanda enerji, logistika, tikinti və liman infrastrukturu sahələrində uğurla fəaliyyət göstərirlər.