Səfir: Azərbaycan və Səudiyyə Ərəbistanının ticarətin artırılması üçün potensialı var

Xarici siyasət
  • 23 sentyabr, 2026
  • 19:47
Səfir: Azərbaycan və Səudiyyə Ərəbistanının ticarətin artırılması üçün potensialı var

Səudiyyə Ərəbistanı və Azərbaycan yaxın illərdə qarşılıqlı ticarət və investisiyaların həcmini daha da artırmaq üçün böyük potensiala malikdir.

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Krallığın Milli Gününün 96-cı ildönümü münasibətilə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, 1991-ci ildə qurulmuş Səudiyyə-Azərbaycan münasibətləri hazırda müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir.

"Biz Birgə Hökumətlərarası Komissiya və Səudiyyə-Azərbaycan İşgüzar Şurası vasitəsilə ticarət və investisiya həcminin artırılması, eləcə də Siyasi Məsləhətləşmələr Komitəsi vasitəsilə siyasi koordinasiya üzərində işləyirik", - diplomat bildirib.

Əl-Cuteyli qeyd edib ki, Səudiyyə Ərəbistanı "Böyük İyirmilik" qrupunun üzvü və dünya enerji bazarlarının əsas iştirakçılarından biri kimi beynəlxalq arenada mühüm rol oynayır.

Onun sözlərinə görə, Krallıq həmçinin ekoloji davamlılıq və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə diqqət yetirir və strateji layihələrin həyata keçirilməsi sayəsində beynəlxalq investisiyalar və turizm istiqamətlərindən birinə çevrilib.

Diplomat qeyd edib ki, Krallıq çoxsaylı irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir və bütün ölkə boyu strateji layihələr həyata keçirir. "Bu layihələr davamlı inkişafın və innovasiyaların gələcəyini əks etdirir", - o əlavə edib.

Əl-Cuteyli, həmçinin, Səudiyyə Ərəbistanının regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsində rolunu vurğulayıb.

"Krallıq müxtəlif humanitar təşəbbüslərdə və sülhün bərqərar olması səylərində səmərəli vasitəçidir, həmçinin ehtiyacı olan ölkələrə və xalqlara humanitar və təcili yardımın göstərilməsində aparıcı rol oynayır", - səfir bildirib.

İqtisadi vəziyyətə toxunan səfir qeyd edib ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Səudiyyə Ərəbistanının iqtisadiyyatı sabitliyini qoruyub saxlayır.

"Krallığın müxtəlif sahələrdəki nailiyyətləri bütün dünyaya göstərdi və sübut etdi ki, "Səudiyyə Ərəbistanı–2030 Vizyonu" sadəcə bir xəyal deyil, hər gün həyata keçirilən bir reallıqdır", - Əl-Cutayli bildirib.

Sonda səfir Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına cansağlığı, xoşbəxtlik, inkişaf və firavanlıq arzularını çatdırıb.