Səfir: 1990 və 1991-ci ilin yanvar hadisələri Azərbaycan və Litvanın azadlıq hərəkatında əsas rol oynayıb

Xarici siyasət
  • 16 yanvar, 2026
  • 14:39
Səfir: 1990 və 1991-ci ilin yanvar hadisələri Azərbaycan və Litvanın azadlıq hərəkatında əsas rol oynayıb

Bakıda Leopold və Mstislav Rostropoviçlər Ev-Muzeyində Azərbaycanda 1990-cı il 20 Yanvar və Litvada 1991-ci il 13 yanvar faciəli hadisələrinə həsr olunmuş "Yaddaş yaşayır, çünki şahidlik edir" adlı anım tədbiri keçirilib.

"Report"un xəbərinə görə, mərasim Litvanın Azərbaycandakı səfirliyi və Rostropoviçlər Ev-Muzeyi tərəfindən birgə təşkil edilib.

Tədbirin əsas məqsədi azadlıq və müstəqillik uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək, tarixi irsi qorumaq və beynəlxalq həmrəylik nümayiş etdirmək olub.

Muzeyin direktoru Günay Əliyeva 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib.

Litvanın Azərbaycandakı səfiri Kəstutis Vaşkelyaviçyus öz növbəsində 1990 və 1991-ci illərin yanvar hadisələrinin tarixi əhəmiyyətini və hər iki ölkənin xalqlarının azadlıq hərəkatında həlledici rolunu vurğulayıb.

"Azərbaycan xalqına 1991-ci il 13 yanvar hadisələrini unutmamasına və xatırlamasına görə dərin hörmətimizi bildiririk. Azərbaycan xalqına bu günləri xatırladığına və sədaqətinə görə təşəkkür edirik. Əminik ki, o faciəli gecələrdə formalaşan birlik zamandan, qorxudan və bəzən tarixin gizlətməyə çalışdığı hisslərdən daha güclüdür", - deyə o bildirib.

Səfir əlavə edib ki, Litvadakı faciəli hadisələrdə yaralanan azərbaycan əsilli iki litvalı medallarla təltif olunub.

Tədbirdə Azərbaycan və Litva xalqlarının faciələrinin xronikasını və azadlıq yolunu əks etdirən video və foto materiallar nümayiş olunub.

Proqramın mühüm hissələrindən biri Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası şagirdlərinin faciələrin gələcək nəsillər üçün xatirəsinin qorunmasının vacibliyini vurğulayan rəsm əsərlərinin sərgisi olub.

Anım gecəsi Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin yerli və xarici bəstəkarların klassik əsərlərinin ifası ilə davam edib ki, bu da xüsusi mənəvi atmosfer yaradıb və həlak olanların xatirəsinə hörmət ifadəsinə çevrilib.

Tədbirin fəxri qonaqları arasında elm, incəsənət və mədəniyyət nümayəndələri, jurnalistlər və ictimai xadimlər iştirak ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin hərbi birləşmələri yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan öldürülmüş, yaralanmış və itkin düşmüşdür. Qoşunların Bakıya və rayonlara qanunsuz yeridilməsi nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanıb.

1991-ci il yanvarın 12-dən 13-nə keçən gecə iki sovet zirehli texnika dəstəsi Vilnüsün mərkəzinə yönəldi. Həmin gecə dinc nümayişçilər Vilnüs televiziya mərkəzini hərbçilər və milis əməkdaşlarının ələ keçirməsindən qorumağa çalışırdılar. Litva prokurorluğunun araşdırmasına görə, sovet qoşunlarının əməliyyatları nəticəsində 15 nəfər həlak olub (13 nəfər birbaşa faciə gecəsində, daha ikisi televiziya qülləsinin hücumundan sağ çıxsa da, sonradan vəfat edib), 900 nəfər yaralanıb.