Səbinə Əliyeva: "Dünyada insan hüququları ilə bağlı da ikili standartlar mövcuddur"
- 12 yanvar, 2023
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
"Dünyada insan hüquqları ilə bağlı da ikili standartlar mövcuddur".
Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
O, dünyadakı bütün insan hüquqları təşkilatları ilə görüşlərdə Ermənistan işğalı nəticəsində uzun illərdən bəri hüquqları pozulmuş insanlarımızla bağlı mütəmadi məlumatlar, faktlar, dəlillərin təqdim etdiyini və bu istiqamətdə hər bir fürsəti dəyərləndirməyə çalışdığını vurğulayıb:
“Regional, beynəlxalq konfranslarda mütəmadi olaraq bu məsələləri xarici kolleqalarımızın diqqətinə çatdırırıq və Türkiyədə keçirilən beynəlxalq konfransı da bu baxımdan maksimum dəyərləndirməyə cəhd edirik".
S.Əliyeva soydaşlarımızın pozulmuş insan hüquqları ilə bağlı beynəlxalq aləmdən bəzi hallarda “susqunluq” göstərildiyini də vurğulayıb:
“Amma bilirsiniz ki, dünyada insan hüququları ilə də bağlı ikili standartlar mövcuddur. Təəssüf ki, bəzi hallarda biz susqunluqla da rastlaşırıq”.
Qeyd edək ki, S.Əliyeva Ankarada keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfransda iştirak edir. Tədbirə 45 müxtəlif ölkədən ombudsmanlar və insan hüquqları institutlarının nümayəndələri qatılıblar.