Saymon Stil: Bakı beynəlxalq iqlim əməkdaşlığının tarixində mühüm yer tutur
- 09 sentyabr, 2026
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı beynəlxalq iqlim əməkdaşlığının ən yeni tarixində son dərəcə mühüm yer tutur.
"Report" xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimindəki videomüraciətində bildirib.
Onun sözlərinə görə, təmiz enerjiyə geri dönüşü olmayan keçidə baxmayaraq, iqlim dəyişikliyinin fəsadları güclənməkdə davam edir.
"Hər bir region getdikcə daha ciddi fəsadlarla - ekstremal istilər, daşqınlar, quraqlıqlar, yanğınlar və ərzaq çatışmazlığı ilə üzləşir. Hər bir iqtisadiyyat da bu amillərin təsirinə məruz qalır", - o qeyd edib.
O, iqlim gündəliyinin praktiki icrasının, hökumətlərin biznes, investorlar, şəhərlər, regionlar və vətəndaş cəmiyyəti ilə birləşməsinin, eləcə də planların real layihələrə çevrilməsinin vacibliyini qeyd edib.
"Keçirilən tədbir qərarların icrasını sürətləndirmək, tərəfdaşlıqları inkişaf etdirmək və investisiyalar cəlb etmək üçün bütün iştirakçıları birləşdirməyə xidmət edir", - UNFCCC-nin icraçı katibi bildirib.
O, həmçinin elektrikləşdirməni, enerji şəbəkələrinin və enerji saxlanc sistemlərinin inkişafını, tullantısız istehsalı, ərzaq təhlükəsizliyini, dayanıqlı və səmərəli şəhərlərin yaradılmasını, eləcə də insanların sağlamlığı üçün iqlim risklərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsini prioritet adlandırıb.
"Söhbət təmiz və etibarlı enerjidən, xərclərin azaldılmasından, daha təhlükəsiz yaşayış yerlərindən, dayanıqlı ərzaq sistemlərindən, daha sağlam icmalardan və daha sabit iqtisadiyyatdan gedir. Bunlar insanların görə və hiss edə biləcəyi nəticələrdir", - Stil vurğulayıb.
O, İqlim Həftəsi iştirakçılarını praktiki icraya diqqət yetirməyə və dünyanın təxirəsalma əvəzinə fəaliyyət və konkret nəticələri seçdiyini göstərməyə çağırıb.