Salah Zuari: Layiqli mənzil hüququ insanın əsas hüququdur
- 19 may, 2026
- 14:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Tunis əlilliyi olan insanların hüquqlarının müdafiəsini və onların sosial inteqrasiyasını davamlı dövlət prioritetlərindən biri kimi nəzərdən keçirir.
"Report"un məlumatına görə, bunu Tunis Respublikasının mənzil tikintisi naziri Salah Zuari WUF13 çərçivəsində UN-Habitat ilə "Alwaleed Philanthropies" fondu (Səudiyyə Ərəbistanı) arasında tərəfdaşlıq sazişinin imzalanması mərasimində bəyan edib.
Onun sözlərinə görə, Tunis bu sahədə qanunvericilik bazasını təkmilləşdirməyə davam edir.
"Tunis əlilliyi olan insanların müdafiəsini və onların sosial inteqrasiyasını davamlı dövlət prioriteti edib. Ölkə həmçinin əlilliyi olan insanların hüquqlarının müdafiəsi və təşviqi haqqında çərçivə qanunu da daxil olmaqla hüquq sistemini inkişaf etdirir", - nazir qeyd edib.
Zuari vurğulayıb ki, beynəlxalq insan hüquqları sistemi layiqli mənzil hüququnu fundamental insan hüquqlarından biri kimi nəzərdən keçirir.
"Əlilliyi olan insanların hüquqları haqqında Konvensiya onların müstəqil yaşamaq və cəmiyyətdə tam iştirak etmək, o cümlədən binalara, nəqliyyata, obyektlərə və xidmətlərə, həmçinin mənzilə çıxış hüququnu aydın şəkildə təsbit edir", - o bəyan edib.