Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - YENİLƏNİB
- 29 sentyabr, 2026
- 20:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Ş. Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını M. Pezeşkiana çatdırıb. İran Prezidenti təşəkkürünü bildirib və öz növbəsində xoş arzularını ifadə edib.
Görüş zamanı xalqlar arasındakı ortaq tarixi və mədəni bağların ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud vəziyyəti yüksək qiymətləndirilib. İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.
Regionda həyata keçirilən birgə layihələrin uğurla davam etdirilməsinin hər iki ölkənin və ümumilikdə bölgənin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
"Report" IRIB-yə istinadən xəbər verir ki, görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafı müzakirə olunub.
"Quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran ilə Bakı arasında əlaqələrin möhkəmləndirilməsinə zəmin yaradır", - məlumatda bildirilib.
Görüşdə nəqliyyat, dəhliz marşrutlarının gücləndirilməsi və mövcud imkanlardan istifadə edilməsi vurğulanıb.
Xatırladaq ki, dünən Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.