Rossbax: Qlobal qeyri-müəyyənlik dövrü şəhər böhranı kimi də nəzərdən keçirilməlidir

Xarici siyasət
  • 12 mart, 2026
  • 12:21
Rossbax: Qlobal qeyri-müəyyənlik dövrü şəhər böhranı kimi də nəzərdən keçirilməlidir

"UN-Habitat" qlobal qeyri-müəyyənlik dövrünü yalnız beynəlxalq təhlükəsizlik üçün çağırış kimi deyil, həm də şəhər və mənzil böhranı kimi nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin baş katibinin müavini və "UN-Habitat"ın icraçı direktoru Anaklaudiya Rossbax XIII Qlobal Bakı Forumunun açılış mərasimində bəyan edib.

Onun sözlərinə görə, forum iştirakçıları kəskin geosiyasi gərginlik və bir neçə böhranın eyni vaxtda üst-üstə düşdüyü bir dövrdə – münaqişələrdən və iqlim sarsıntılarından tutmuş iqtisadi qeyri-sabitliyə və etimadsızlığın artmasına qədər – bir araya gəliblər.

"BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edirdi ki, biz güclənən xaos dövrünə qədəm qoyuruq. "UN-Habitat" nöqteyi-nəzərindən bu qeyri-müəyyənlik dövrü eyni zamanda şəhər və mənzil böhranıdır", - A.Rossbax vurğulayıb.

O qeyd edib ki, dünya əhalisinin artıq demək olar ki, 60 %-i şəhərlərdə yaşayır və bu pay artmaqda davam edəcək, lakin bununla belə yüz milyonlarla insan hələ də təhlükəsiz və layiqli mənzildən məhrumdur: "UN-Habitat" rəhbərinin sözlərinə görə, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məskənlərində və s. yaşayır, bir sıra ölkələrdə isə yüksək mənzil qiymətləri, iqlim fəlakətlərinin birləşməsi mənzilləri ailələr üçün əlçatmaz edir".

A.Rossbax bildirib ki, məhz buna görə də "UN-Habitat"ın 2026–2029-cu illər üçün yeni strateji planında bütün insanların mənzil, torpaq və təməl xidmətlərlə təmin edilməsi vəzifəsi mərkəzə qoyulub.

Bundan əlavə, o, "UN-Habitat"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə yeni regional nümayəndəliyinin İstanbulda açıldığını elan edib. Onun sözlərinə görə, bu, təşkilata bütün region üzrə hökumətlər, şəhərlər və tərəfdaşlarla daha fəal qarşılıqlı əlaqə qurmağa imkan verəcək.