UN-Habitat: Növbəti onillik sürətləndirilmiş fəaliyyət dövrü olmalıdır
- 22 may, 2026
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıdan verilən mesaj aydındır: növbəti onillik sürətləndirilmiş icra, işlərin miqyasının genişləndirilməsi və insanların həyatında nəzərəçarpacaq nəticələrlə müəyyən edilməlidir.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
"Yeni Şəhər İnkişafı Proqramının icrasının aralıq yekunlarını vurarkən Bakıdan verilən mesaj aydındır: növbəti onillik sürətləndirilmiş icra, iş miqyasının genişləndirilməsi və insanların həyatında hiss olunan nəticələrlə müəyyən olunmalıdır. Bizə insanyönümlü şəhər inkişafına əsaslanan kollektiv fəaliyyətlər lazımdır", - o bildirib.
A.Rossbax əlavə edib ki, ilk növbədə, mənzili yenidən ictimai məsuliyyət sahəsinə çevirmək lazımdır:
"İkincisi, şəhərlərin və icmaların imkanlarını genişləndirməliyik. Üçüncüsü, məcburi köçürülmələri dayandırmaq və əhalinin həssas qruplarının müdafiəsini təmin etmək lazımdır. Dördüncüsü, dünya mənzil maliyyələşdirmə sistemini transformasiya etməlidir. Beşincisi, məlumat sistemlərini gücləndirməliyik və qərarların etibarlı və icmaların rəyinə əsaslanan məlumatlar əsasında qəbul edilməsini təmin etməliyik. Nəhayət, aydın məqsədlərə, ölçülə bilən hesabatlılığa və icmalarla həllərin həqiqi birgə yaradılmasına malik icra sistemləri yaratmalıyıq".