Rohi Malik Lou: Mənzil təminatı sosial siyasətdən daha çox insan hüququdur

Xarici siyasət
  • 22 may, 2026
  • 16:26
Rohi Malik Lou: Mənzil təminatı sosial siyasətdən daha çox insan hüququdur

Qambiya Bakıdakı WUF13-də dünya ictimaiyyətinə aydın bir siqnal göndərib: mənzil - insan hüququdur, sadəcə sosial siyasətin bir elementi deyil.

"Report" xəbər verir ki, bunu Qambiyanın paytaxtı Banjulun meri Rohi Malik Lou forumun bağlanış mərasimində bildirib.

"Layiqli mənzil universal, əlçatan və ədalətli dövlət xidmətləri olmadan mövcud ola bilməz", - o vurğulayıb.

Lounun sözlərinə görə, əhali qarşısında daşıdıqları böyük məsuliyyət nəzərə alınmaqla, yerli və regional hakimiyyət orqanlarının müvafiq səlahiyyətlərə, maliyyələşməyə və siyasi tanınmaya ehtiyacı var.

O, həmçinin qeyd edib ki, Davamlı İnkişaf Məqsədi №11 və Yeni Şəhər Gündəliyi rəqəmsal bərabərsizlik və mövcud maneələr aradan qaldırılmadan irəli gedə bilməz.

Banjul meri vurğulayıb ki, yerli və regional hakimiyyət orqanları sonradan icrası icmaların üzərinə düşən qlobal öhdəliklərin formalaşmasında iştirak etməlidirlər.

"Söhbət yalnız siyasətdən getmir - söhbət etimaddan, demokratiyadan və çoxtərəfli əməkdaşlığın gələcəyindən gedir", - Lou əlavə edib.