Robb Batler: ÜST-nin Azərbaycanla əməkdaşlığı konkret nəticələr verir

Xarici siyasət
  • 03 iyun, 2026
  • 11:48
Robb Batler: ÜST-nin Azərbaycanla əməkdaşlığı konkret nəticələr verir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanla əməkdaşlığı artıq konkret nəticələr verir.

"Report" xəbər verir ki, bunu ÜST-nin Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ÜST Azərbaycanla münasibətlərə böyük dəyər verir:

"Əməkdaşlığımız artıq konkret nəticələr verir. Son bir ildə ÜST ölkənin immunizasiya məlumat sisteminin rəqəmsallaşdırılmasına dəstək göstərib və bütün ölkə üzrə soyuq zəncir avadanlıqlarının (peyvəndlərin və temperatur həssaslığı olan digər tibbi məhsulların saxlandığı soyuducuların, dondurucuların və nəqliyyat konteynerlərinin temperaturunun fasiləsiz izlənməsi - red) real vaxt rejimində monitorinqini mümkün edib".

ÜST rəsmisi qeyd edib ki, həmçinin təcili tibbi yardım qruplarının yaradılmasına dəstək verilir və onların beynəlxalq akkreditasiyasının bu ilin sonunadək əldə olunacağı gözlənilir:

"Eyni zamanda yeni peyvənd təqviminə uyğun olaraq tibb və tibb bacılığı məktəblərinin kurikulumlarının yenilənməsi istiqamətində qurumlarla sıx əməkdaşlıq edirik. Bu, gələcəkdə səhiyyə işçi qüvvəsinin potensialının gücləndirilməsi üçün mühüm addımdır. Azərbaycan həmçinin həbsxanalarda vərəmlə mübarizə üzrə yeganə ÜST əməkdaşlıq mərkəzinə ev sahibliyi edir və bu sahədə yalnız milli deyil, qlobal bilik və təcrübənin inkişafına da töhfə verir".