Rahmon: Multimodal marşrutların inkişafı regionun nəqliyyat bağlantısını gücləndirəcək

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 11:24
Rahmon: Multimodal marşrutların inkişafı regionun nəqliyyat bağlantısını gücləndirəcək

Çin, Mərkəzi Asiya ölkələri və Azərbaycanı Avropa bazarları ilə birləşdirən multimodal marşrutların gələcək inkişafı regionun nəqliyyat bağlantısının gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

"Report"un Türkmənistana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Tacikistan Prezidenti Emoməli Rahmon Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

Onun sözlərinə görə, son illərdə Tacikistanda avtomobil yollarının, körpülərin və dəmir yollarının inşası və modernləşdirilməsi sayəsində nəqliyyat-tranzit imkanları əhəmiyyətli dərəcədə genişlənib.

"Çini, Mərkəzi Asiya ölkələrini və Azərbaycanı Avropa bazarları ilə birləşdirən multimodal marşrutların daha da inkişaf etdirilməsi regionun qarşılıqlı nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir", - Rahmon qeyd edib.

O, inzibati, infrastruktur və təşkilati maneələrin aradan qaldırılması, nəqliyyat prosedurlarının sadələşdirilməsi və daşımaların rəqəmsallaşdırılması məqsədilə səmərəli işin aparılmasının zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, rəqəmsal transformasiyaya xüsusi diqqət yetirilməlidir.

"Bununla əlaqədar Düşənbədə yaradılan regional süni intellekt mərkəzinin əhəmiyyətini qeyd edirik. Ümid edirik ki, onun fəaliyyəti region ölkələrinin innovativ potensialını birləşdirməyə imkan verəcək, eləcə də süni intellekt texnologiyalarının iqtisadiyyatın və sosial sənayenin müxtəlif sahələrində tətbiqini sürətləndirəcək", - Tacikistan Prezidenti deyib.

44 - Tezliklə