Qlobal məsələlərdə təqdirəlayiq mövqe: Qoşulmama Hərəkatında Azərbaycanın liderliyi
- 05 iyul, 2023
- 14:52
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanın yekdilliklə daha bir il uzadılan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatında sədrliyinin əhəmiyyətini yüksək şəkildə qiymətləndirməmək mümkün deyil”.
Bunu “Report”a açıqlamasında Yaxın Şərq, Mərkəzi Asiya, Azərbaycan və Afrika üzrə ekspert Kayzer Nəvab deyib.
“Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Azərbaycanın müstəsna liderliyini və aktual qlobal problemlərin həllinə sadiqliyini vurğulayan təsirli nitq söyləyib”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan sədrliyi dövründə “Bandunq prinsipləri”nə uyğun olaraq ədalətə, beynəlxalq hüquqa və Qoşulmama Hərəkatına üzv dövlətlərin qanuni maraqlarının qorunmasına sarsılmaz sadiqliyini nümayiş etdirib: “Maraqlıdır ki, Azərbaycan Qoşulmama Hərəkatının onlayn sammiti və BMT Baş Assambleyasının Xüsusi Sessiyası vasitəsilə qlobal səyləri səmərəli şəkildə birləşdirərək COVID-19 pandemiyasının indiyədək misli görünməmiş çağırışına qarşı mübarizədə həlledici rol oynayıb”.
O əlavə edib ki, Azərbaycan rəhbərliyi müvafiq olaraq 2021 və 2022-ci illərdə Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatını yaratmaqla hərəkatın təsirinin institusionallaşdırılmasında vacib rol oynayıb: “İnstitusional dayanıqlılığa doğru atılan bu addımlar Azərbaycanın Qoşulmama Hərəkatının təsirinin davamlılığını və effektivliyini təmin etmək öhdəliyini nümayiş etdirir”.
K.Nəvab qeyd edib ki, Prezidentin neokolonializmlə mübarizəyə xüsusi önəm verməsi, Azərbaycanın Fransanı öz müstəmləkə keçmişini tanımağa və tarixi ədalətsizliyə görə üzr istəməyə çağırması təqdirəlayiqdir: “Ölkənin minalarla çirkləndirilməsi və ətraf mühitin məhv edilməsi kimi ciddi problemlərlə üzləşməsinə baxmayaraq, azad edilmiş ərazilərin bərpasına sadiqliyi vətəndaşlarının firavan gələcəyini təmin etmək üçün onun gücünü, əzmini əks etdirir”.
Ekspert sonda vurğulayıb ki, Prezident İlham Əliyevin baxışı və liderliyi Qoşulmama Hərəkatının gücünün və səmərəliliyinin bariz nümunəsidir.