QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Xankəndidə olublar - YENİLƏNİB-2

Xarici siyasət
  • 19 iyun, 2025
  • 17:40
QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Xankəndidə olublar - YENİLƏNİB-2

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri çərçivəsində Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyətini QDİƏT PA-da nümayəndə heyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, Rizvan Nəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və Mahir Süleymanlı müşayiət ediblər.

Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayaraq burada Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat veriblər.

Nümayəndə heyətinin üzvləri Xankəndidə Zəfər meydanını gəziblər, onlara şəhərdə yaradılacaq Zəfər muzeyi, tikintisi tamamlanmaqda olan Konqres zalı və digər layihələr barədə məlumat verilib.

Qonaqlar onları müşayiət edən media nümayəndələrinə müsahibələr veriblər.

12:22

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçıları Qarabağa səfər çərçivəsində Füzulidən sonra Şuşa şəhərinə gəliblər.

"Report"un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, o cümlədən şəhər meydanı, Qala divarı və Cıdır düzü ilə tanış olacaq.

11:47

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçılarının Qarabağa səfəri başlayıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qonaqlara Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılar, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə bağlı məlumat verilib.