Qazaxıstan AQEM çərçivəsində preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edib
- 15 oktyabr, 2026
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan AQEM çərçivəsində preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edir.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə bildirib.
"Praktik addım olaraq preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edirik", - o deyib.
K.J.Tokayevin sözlərinə görə, böhranların qarşısının alınması onların yarandıqdan sonra idarə edilməsindən xeyli effektiv və daha az xərclidir. O bildirib ki, təklif olunan mexanizm AQEM-ə üzv hər bir dövlətə qərarların qəbulu prosesində tamhüquqlu iştirak etmək və bəyannamələri razılaşdırılmış tədbirlərə çevirmək imkanı verəcək.
Bundan əlavə, Qazaxıstan Prezidenti texnologiya mübadiləsini, birgə tədqiqatların aparılmasını və suya qənaət edən həllərin tətbiqini təşviq etmək məqsədilə AQEM çərçivəsində Su Tərəfdaşlığının yaradılmasını təklif edib. O, həmçinin su ehtiyatları sahəsində qlobal gündəliyin əlaqələndirilməsi üçün BMT sistemi çərçivəsində beynəlxalq su təşkilatının yaradılmasının tərəfdarı olduğunu bildirib.
Tokayev AQEM-in mövcud beş əməkdaşlıq istiqamətinə süni intellektlə bağlı yeni istiqamətin əlavə edilməsini, eləcə də etimad quruculuğu tədbirlərinin rəqəmsal sahəyə də şamil olunmasını zəruri hesab edir.
Bundan başqa, Tokayev gələn il təhlükəsizlik və etimadın möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş tədqiqat proqramının başladılmasını təklif edib.