Qaburiç: İtkin düşmüş şəxslərlə bağlı məsələ siyasətdən kənar olmalıdır

Xarici siyasət
  • 07 oktyabr, 2026
  • 11:26
Qaburiç: İtkin düşmüş şəxslərlə bağlı məsələ siyasətdən kənar olmalıdır

İtkin düşmüş şəxslərin axtarışı və taleyi barədə məlumat mübadiləsi dövlətlər arasındakı siyasi fikir ayrılıqlarından asılı olmayaraq aparılmalıdır.

"Report" xəbər verir ki, bunu Moldovanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiç Bakıda itkin düşmüş şəxslərə həsr olunmuş beynəlxalq konfransda bildirib.

"Bizim aramızda bundan sonra da siyasi fikir ayrılıqları və tarixlə bağlı müzakirələrimiz olacaq. Hökumətlər arasında münaqişələr yarana bilər. Lakin siyasətin başa çatdığı bir sərhəd olmalıdır. İtkin düşmüş şəxslərin axtarışı məhz belə sahələrdən birinə çevrilməlidir", - o bildirib.

Qaburiç qeyd edib ki, itkin düşmüş şəxslərin ailələrinin öz doğmaları ilə bağlı baş verənləri bilmək hüququ var.

O vurğulayıb ki, süni intellekt, peyk sistemləri, DNT identifikasiyası və böyük həcmli məlumatların emalı da daxil olmaqla müasir texnologiyalar itkin düşmüş şəxslərin axtarışında əhəmiyyətli dərəcədə kömək edə bilər. Lakin onların səmərəliliyi tərəflərin əməkdaşlıq etməyə və məlumat mübadiləsi aparmağa hazırlığından asılıdır.

"Texnologiyalar bizə ən çox ehtiyacımızın olduğu əməkdaşlığa hazırlığı verə bilməz. Bizim məsuliyyətimiz bir-birimizə qarşı daha açıq olmaqdan və məlumat mübadiləsini asanlaşdırmaqdan ibarətdir", - sabiq baş nazir bildirib.

Qaburiç həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətində səsləndirilən, itkin düşmüş şəxslər haqqında məlumatların siyasət çərçivəsindən tamamilə çıxarılmalı olduğu barədə tezisi xatırladıb.

"Biz keçmişin münaqişələrini ləğv edə, ailələrin həsrətlə keçirdikləri illəri geri qaytara bilmərik. Lakin onlara həqiqəti qaytara bilərik - bu insanlar bundan heç vaxt məhrum edilməməlidir", - o vurğulayıb.

Qaburiçin sözlərinə görə, hətta bir itkin düşmüş şəxsin kimliyinin müəyyənləşdirilməsi, basdırıldığı yerin aşkar olunması və ya ailəyə yaxın adamının taleyi barədə məlumatın verilməsi etimadın bərpası üçün böyük əhəmiyyət kəsb edir.