"Prezidentin Əlcəzair səfəri yüksək qiymətləndirilməlidir" - RƏY

Xarici siyasət
  • 02 noyabr, 2022
  • 13:32
Prezidentin Əlcəzair səfəri yüksək qiymətləndirilməlidir - RƏY
İlham Əliyev

"Prezident İlham Əliyevin Əlcəzairə səfəri və fəxri kürsüdən səsləndirdiyi fikirləri istənilən siyasi addım, həm də daxili siyasət baxımından qiymətləndirilə bilər".

Bunu “Report”a açıqlamasında siyasi təhlilçi Cəmaləddin Quliyev deyib.

O, hələ sentyabrın əvvəli ərəb mediasında Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının sammitinə dəvət olunması haqqında xəbərin dərc edildiyini xatırladıb. Ekspertin sözlərinə görə, dərc olunan materiallarda Əlcəzair Prezidenti Əbdülməcid Təbbunun dəvət məktubu Ələcəzair xarici işlər naziri tərəfindən azərbaycanlı həmkarına təqdim olunduğu bildirilib: "Əlcəzair mediası xəbəri iki prezidentin birgə fotosu ilə servis etmiş, Azərbaycan Prezidentinin fotosu üzərində Fəxri Qonaq sözləri də yazılmışdı. Bəs, səfər niyə mühüm idi? Ərəb mediası xəbər verirdi ki, Əlcəzair Prezidenti Qoşulmama Hərəkatının dünyada rolunun yüksəldilməsi üçün müzakirələr aparmaq istəyir və bu işdə Azərbaycanın dəstəyinə ümid edir. Ərəb mediası həmçinin uzun müddətdir ki, Qoşulmama Hərəkatında Azərbaycanın rolunu, Bakıda keçirilən tədbirlərini xüsusi diqqətdə saxlayırdı".

C.Quliyev deyib ki, müxtəlif səviyyələrdən edilən ironiyalara, tənqidlərə, bəzən də təzyiqlərə rəğmən Qoşulmama Hərəkatının rolunu zamanında düzgün qiymətləndirməsi və II Qarabağ müharibəsi zamanı lehimizə istifadə etməsi Azərbaycan diplomatiyasının uğurudur. O bildirib ki, həmin düzgün yanaşma bu gün də Azərbaycanın beynəlxalq nüfuzuna işləyir və yuxarıda qeyd etdiyimiz kimi səfərlə bağlı xüsusi məna yüklənmiş dəvət buna sübutdur:

"Ərəb Dövlətləri Liqası 1945-ci ildə təsis edilib, 22 dövləti birləşdirir və baş ofisi Qahirədə yerləşir. Bir çox məsələlərdə, xüsusən Fələstin məsələsinə münasibətdə vahid, uzlaşdırılmış mövqe müəyyən etmək baxımından kifayət qədər mühüm platformadır. Yada salaq ki, yaxın müttəfiqimiz olan Türkiyənin xarici siyasətində ərəb ölkələri ilə münasibətlərə xüsusi rol ayrılır, xüsusən Turqut Özal hakimiyyəti və AKP iqtidarının ilk dövrlərində ərəb ölkələri ilə ciddi yaxınlaşma müşahidə edilirdi, iş Birtaniya Millətlər Birliyi modelində Osmanlı Birliyi yaradılması haqda qeyri-rəsmi müzakirələrədək gəlib çatrmışdı. Bu münasibətlər “Ərəb baharı”ndan və Cəmal Xaşuqci cinayətindən sonra xeyli dərəcədə zədələnsə də, indi yenidən yüksəliş dövrünə qədəm qoyub. II Qarabağ müharibəsi ərəfəsi və savaşın gedişində qurumun neytral, bəzən də anlaşılmaz kimi görünən mövqeyi ilə bağlı müəyyən suallar da var. Eyni dövlət(lər)in İSESKO və İƏT çərçivəsindəki mövqeyi və ƏDL-dəki mövqeyi arasında ziddiyyətlər varmı?!. Bu anlaşılmazlıqların bir səbəbi də odur ki, Ermənistan hələ 2005-ci ildə ƏDL ilə anlaşma memorandumu imzalamış, qurum yanında qeyri-rəsmi nümayəndəliyini də yaratmışdı. Misir, Suriya və xüsusən Livandakı erməni diasporunun aktiv anti-Azərbaycan fəaliyyətinin, təbliğatının müəyyən qədər effektiv ola bildiyini etiraf etmək lazımdır. Digər səbəblər, qurumun əsas aparıcı ölkələrinin(Misir və Səudiyyənin) Türkiyə ilə münasibətlərinin korlanmasının Azərbaycana da təsiri etməsi, bu kimi regional qurumlara gərəkli diqqətin ayrılmaması, nəhayət, Azərbaycan-İsrail əlaqələri haqqında İran və Ermənistanın ərəb ictimai rəyinə yönəlmiş aqressiv təbliğatı ilə bağlıdır. Lakin ƏDL-in builki toplantısı İsrail və ərəb ölkələri arasında imzalanmış “İbrahimi müqavilələri”ndən sonraya təsadüf edir. Xarici ekspertlər də ƏDL-nin builki toplantısının həmin müqavilələrdən sonra keçirilməsinə xüsusi diqqət yetirirlər. İsraillə imzalanmış qaz anlaşmasından sonra isə Livanın da “İbrahimi sazişləri”nə qoşulması və İranın təsirindən çıxması haqda çoxsaylı şərhlər verilməkdədir. Artıq Livanın ən qatı iranpərəst və anti-İsrail siyasi qüvvəsi olan “Hizbullah” da İsrailə qarşı cəbhəni tərk etmək niyyətini ifadə edib. Belə ki, Livan Hizbullahının lideri Həsən Nəsrullah Livan və İsrail arasında dəniz sərhədi razılaşması əldə edildikdən sonra ötən cümə axşamı deyib ki, İsrailə qarşı "müstəsna" səfərbərliyi dayandıracaq. Hərçənd, İranda sözügedən razılaşma ilə bağlı nikbin rəylər də səsləndirilir və bunu “Livan üçün böyük qələbə” adlandırırlar".

Ekspert qeyd edib ki, yəni Azərbaycan-İsrail əlaqələri artıq müsəlman (həm də ərəb) dünyası üçün qeyri-adi hal deyil: "İkincisi, İranla yaşanan gərginlik fonunda ƏDL sammitinə dəvət maraqlıdır. Sammit ərəfəsində Səudiyyə Ərəbistanı İranın mümkün hərbi hücumları ilə bağlı ABŞ-a müraciət etdi və mövcud gərginlik səbəbindən sammitin işində iştirak edə bilmədi. Hazırda digər Körfəz ölkələri, xüsusən BƏƏ ilə də İran arasında hiss oluncaq gərginlik yaşanmaqdadır".

C.Quliyev vurğulayıb ki, dəvət əvvəlcədən edilmiş olsa da, Fransa Prezidenti Emmanuel Makronun qeyri-korrekt açıqlamalarından və Soçi görüşündən sonra Ermənistan baş nazirinin Tehrana “durumla bağlı Rəisini məlumatlandırmağa” getməsi ilə eyni vaxtda Azərbaycan dövlət başçısının ƏDL toplantısına qatılması, onun ali kürsüsündən çıxış edərək Fransanın müstəmləkə keçmişi, Afrikada, xüsusən Əlcəzairdə törətdiyi qətliamlarla bağlı tarixə ekskursiya etməsi yetərincə maraqlı paralel idi: "Yeri gəlmişkən, Azərbaycan Prezidentinin çıxışı həm xülasə, həm də tam mətn şəklində onlarla aparıcı ərəbdilli KİV-də dərc edilib. Çıxışda Fransa işğalının Əlcəzairə, erməni işğalının Azərbaycana vurduğu zərərlərlə bağlı paralelər aparıldı, konkret rəqəmlər səsləndirildi, ƏDL və Qoşulmama Hərəkarı arasında əməkdaşlığın dərinləşdirilməsinə çağırışlar edildi, ərəb liderləri Azərbaycana dəvət olundu. Nəhayət, bu səfər istənilən siyasi addım, həm də daxili siyasət baxımından qiymətləndirilə bilər. Nədənsə, bizdə Azərbaycanın Qoşulmama Hərəkatı sədrliyini və ümumən bu paltformanı ciddi qəbul etməmək kimi bir tendensioz yanaşma da var. Bu dəvət, Şimali Afrika və Yaxın Şərqin ən nüfuzlu regional təşkilatının Azərbaycan vasitəsilə Hərəkatla əməkdaşlıq təşəbbüsü həmin yanaşmanın yanlış olmasını da ortaya qoyur".

44 - Tezliklə