Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı mühüm tarixi hadisədir - RƏY
- 14 oktyabr, 2025
- 11:41

Misirdə 20-dən çox ölkənin liderlərinin iştirakı ilə baş tutan Yaxın Şərq Sülh Sammitinə ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycan Prezidenti İlham Əliyevi dəvət etməsi ölkənin beynəlxalq diplomatiyada etibarlı tərəfdaş, sülh və təhlükəsizlik proseslərinin aktiv iştirakçısı kimi qəbul olunduğunu bir daha sübut etdi.
Bunu "Report"a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
O qeyd edib ki, İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı da məhz bu baxımdan mühüm tarixi hadisədir:
"Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və çoxşaxəli xarici siyasətinin məntiqi nəticəsidir. Bu, həm də ölkəmizin balanslı, müstəqil və praqmatik diplomatiyasının qlobal səviyyədə qəbul edilməsinin bariz göstəricisidir".

S.Salmanova bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün həm regional, həm də beynəlxalq arenada dialoq və əməkdaşlığın təşviqçisi kimi çıxış edir:
"Ölkəmiz Türk dünyasında, İslam aləmində, həmçinin Qərb strukturları ilə münasibətlərdə balanslı mövqeyini qorumağı bacarıb. Bu xüsusiyyət Azərbaycanı dünyanın müxtəlif siyasi blokları arasında etibarlı vasitəçi dövlət kimi fərqləndirir. Yaxın Şərq Sülh Sammitində iştirak da məhz bu siyasətin davamıdır. Azərbaycan, bir tərəfdən, İslam dünyasının üzvü kimi humanitar ədalətin bərqərar olunmasını dəstəkləyir, digər tərəfdən isə beynəlxalq hüququn və dövlətlərin suverenliyinin qorunması prinsipini müdafiə edir. Bu mövqe onu Yaxın Şərq münaqişələrinin həllində obyektiv və balanslı tərəf kimi göstərir".