Politoloq: TDT sammitində regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq
- 06 oktyabr, 2025
- 11:32

Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) XII sammiti regional təhlükəsizlik məsələlərinə və Orta Dəhlizin inkişafı üçün konkret investisiya alətlərinin hazırlanmasına fokuslanacaq.
Bu barədə "Report"a müsahibəsində qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.
"TDT ölkələri liderlərinin gündəliyinin əsas məsələsi qlobal və regional təhlükəsizlik olacaq. Münaqişələrin danışıqlar yolu ilə həll edilməsinə çağırılacaq, tərəflər hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün birgə təlimlərə, yeni sazişlərə diqqət yetirəcəklər", - ekspert vurğulayıb.
Politoloqun sözlərinə görə, sammitdə Zəngəzur dəhlizinin təhlükəsizliyi və alternativ marşrutların inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək: "Yaxın Şərqdəki vəziyyət də müzakirə olunacaq".
O bildirib ki, sammitin ikinci əsas mövzusu Orta Dəhlizə investisiya qoyuluşunun konkret mexanizmlərinin müəyyən edilməsi olacaq: "Orta Dəhlizin əhəmiyyəti son illər ərzində dəfələrlə müzakirə edilib. İndi isə TDT liderləri, ehtimal ki, Orta Dəhlizin inkişafı üçün konkret alətləri müzakirə edəcəklər. Söhbət maliyyələşdirmə mənbələri və texnologiyalardan gedir".
Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərə toxunan T.Kaliyev qeyd edib ki, ölkələr süni intellekt və rəqəmsallaşma sahəsində layihələrin inkişafına fokuslanacaq: "Azərbaycan və Qazaxıstan arasında enerji sahəsində əməkdaşlığının gücləndirilməsi neft və qaz hasil edən iki ölkə üçün aktual bir mövzudur".