Pərvanə Vəliyeva: Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ Ermənistana ərazi iddiası deyil
- 30 iyun, 2026
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ ərazi iddiası, Ermənistanın suverenliyinə təhlükə deyil, bu, fundamental insan hüququdur.
Bunu "Report"a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, ötən həftə ABŞ Konqresində ilk dəfə olaraq Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınmasına dair konfrans keçirildi, yekun müraciət Konqresin nümayəndələr Palatasına və Senata ünvanlandı:
"ABŞ Konqresində bu mövzu üzrə belə bir tədbirin baş tutması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir nümunəsidir. ABŞ Konqresində səsləndirilən tələblər təkcə bir konfransın yekunu deyil, həm də Ermənistandan zorla çıxarılmış yüz minlərlə azərbaycanlının səsi idi".
Deputat vurğulayıb ki, bu gün AŞPA, Avropa Parlamenti, Fransa Senatı və bir çox erməni lobbisinin əlaltısına çevrilmiş qüvvələr birtərəfli qaydada Ermənistanı dəstəkləyərkən, 300 yüz mindən çox azərbaycanlının məruz qaldığı fəlakətlərə göz yumması ikili yanaşmanın və siyasi ikiüzlülüyün bariz nümunəsidir.
"Konfransı radikal Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbərinin və nümayəndələrinin birbaşa zaldan izləməsi ermənipərəst təşkilatların və əlaltılarının məsələnin Konqresdə müzakirəsindən necə narahat olduğunu göstərir.
Qərbi azərbaycanlıların legitim və ədalətli tələbinin yerinə yetirilməsi, onların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı regionda etimad mühitinin yaradılmasına və davamlı sülh arxitekturasının qurulmasına əhəmiyyətli dəstək ola bilər".
P.Vəliyeva bəyan edib ki, qayıdış hüququnun tanınmasında ikili standartların, selektiv yanaşmaların tətbiqinə və humanitar hüququn siyasiləşdirilməsinə son qoyulmalı, tarixdə 4 dəfə etnik təmizləməyə məruz qalmış azərbaycanlıların taleyi də beynəlxalq ictimaiyyəti narahat etməlidir:
"Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət məsələni diqqət mərkəzində saxlamalı, tarixi həqiqətləri görməzdən gəlməməli və Qərbi azərbaycanlıların hüquqlarının tanınmasına dəstək olmalıdır".