Parisdə Üzeyir Hacıbəylinin yubileyi münasibətilə konsert keçirilib
- 19 oktyabr, 2025
- 18:02

Fransanın paytaxtı Parisdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə diplomatlar, mədəniyyət xadimləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ü.Hacıbəylinin həyat və yaradıcılıq yoluna nəzər salıb, onun Azərbaycan və dünya musiqi tarixində müstəsna yerini qeyd ediblər.
"Musulmansenfrance" portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brun (Jean-Michel Brun) çıxışında Azərbaycanın mədəniyyət paytaxtı, Üzeyir Hacıbəyovun doğulduğu Şuşa şəhərinə səfəri zamanı yaşadığı təəssüratları, Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində qazanılmış qələbənin mənəvi dəyəri haqqında qonaqlara ətraflı məlumat verib.
Daha sonra "Avey" triosunun üzvləri Laure Volpato (violonçel), Azusa Lozing (piano) və Ağarəhim Quliyev (fleyta) Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, İohann Sebastyan Baxın və digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Hər bir ifa özündə həm Azərbaycan musiqisinin milli ruhunu, həm də Avropa klassikasının incəliyini daşıyıb.