Özbəkistan və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər
- 12 oktyabr, 2026
- 15:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistanın Buxara vilayəti hakiminin müavini Botir Şahriyorov və Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov görüş zamanı ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də regionlararası əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Buxara vilayətinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsini, yeni istiqamətlərdə əməkdaşlığın inkişafını və regionlararası əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Buxara vilayətinin iqtisadi və investisiya potensialına, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə və Azərbaycanın işgüzar dairələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər həmçinin ticari-iqtisadi əlaqələrin inkişafı, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və yeni investisiya təşəbbüslərinin dəstəklənməsi ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, turizmin inkişafı, Buxaranın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə təşviqi, təcrübə mübadiləsi və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi qarşılıqlı fəaliyyətin perspektivli istiqamətləri adlandırılıb.
Tərəflər vurğulayıblar ki, iki xalqın tarixi və mədəni əlaqələri qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün möhkəm əsasdır.