Özbəkistan universitetində Yusif Vəzir Çəmənzəminli adına mərkəz açılıb
- 27 oktyabr, 2023
- 06:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistanın Urgənc Dövlət Universitetində Azərbaycanın tanınmış ədəbi və ictimai xadimi Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışı olub.
“Report” xəbər verir ki, Mərkəzin açılışı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari ilin 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində baş tutub.
Urgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına aid kitablar, nəşrlər, disklər, dərs vəsaitləri, milli suvenirlər, guşələr, ölkə başçılarının görüşlərinə dair portretlər, xəritələr, Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin portretləri, dövlət atributları yerləşdirilib, habelə, lazımi avadanlıq, kitab şkafları və ofis mebeli ilə təchiz edilib.
Sözügedən Mərkəzə Azərbaycan Mədəniyyət Mərkəzinin də nəşrləri daxil olmaqla Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyətinə aid çap məhsullarından ibarət zəngin kitab kolleksiyası hədiyyə edilib.
Yeni yaradılmış Mərkəzdə Azərbaycana dair mini kitabxana, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, iki ölkə dostluğuna dair tədbirlər, mühazirə və seminarların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Xarəzm vilayətinin qocaman ali təhsil ocaqlarından olan Urgənc Dövlət Universiteti 1925-ci ildə yaradılıb. Görkəmli yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminli 1938-40-cı illərdə Urgənc Dövlət Universitetində (o zamanlar Urgənc Pedaqoji İnstitutu) müəllim kimi fəaliyyət göstərib. Hazırda universitetin 9 fakültəsində 93 ixtisas üzrə 20 mindən çox tələbə təhsil alır.