ORSAM prezidenti: Türkiyə-Azərbaycan münasibətlərində əsas şərt mühüm məsələlərdə uzlaşmadır

Xarici siyasət
  • 24 noyabr, 2025
  • 10:51
ORSAM prezidenti: Türkiyə-Azərbaycan münasibətlərində əsas şərt mühüm məsələlərdə uzlaşmadır

Türkiyə-Azərbaycan münasibətlərində önəmli olan əsas şərt sosial, iqtisadi və enerji məsələlərində uzlaşmanın təmin edilməsidir.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda deyib.

O, 2023-cü ilin oktyabrından sonra baş verənlərin Yaxın Şərq regionu üçün qırılma nöqtəsi olduğunu qeyd edib:

"Yaxın Şərqə səfərlərimiz zamanı əmin olmuşuq ki, orada son yüz ildə qurulan nizamdan heç kim razı deyil. Yəməndən İraqa, Şimali Afrikadan Sudana, Liviyaya qədər Birinci Dünya müharibəsinin nəticələrinin mirasını daşımalı olururq. Regiondakı təsir mübarizəsi İran–İsrail gərginliyi, eləcə də ABŞ-nin Yaxın Şərqə yenidən qayıtması ilə müşahidə olunur. Çin isə buna paralel olaraq nəhəng iqtisadi artımını tədricən siyasi və geosiyasi sahələrə yönəldir. Biz bunu Yaxın Şərqdə çox açıq şəkildə müşahidə edirik".

K.Təmiz bildirib ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təməlini hər iki ölkənin mövqeyindəki eynilik və uzlaşmadır:

"Əgər strateji müttəfiqiksə, bu, digər ölkələr üçün də örnək ola biləcək ittifaq modelidir. Türkiyə sabitlik təmin edən bir aktordur. Məsələn, Suriyada yaradılan təhlükəsizlik bölgələri və ya İraqda Türkiyənin həyata keçirdiyi aktiv əməliyyatlar destabilizasiya yaradan faktor deyil. Əksinə, regional nizamın və İraqla Suriyada dövlət institutlarının gücləndirilməsi məqsədilə atılan addımlar çərçivəsində həyata keçirilir.

Diqqət çəkən başlıca məqam odur ki, artıq təhlükəsizlik məsələlərində Azərbaycanla birlikdəyik. Ancaq Azərbaycanla münasibətlərdə, fikrimcə, daha önəmli olan sosial, iqtisadi və enerji məsələlərdə uyğunlaşmanın təmin edilməsidir. İkinci məsələ isə Azərbaycanın Yaxın Şərqdəki xarici siyasət prioritetləridir. Bu mövzuda ORSAM olaraq Türkiyə–Azərbaycan əməkdaşlığına açığıq. Bu məsələləri birlikdə müzakirə etməyimiz vacibdir".

Son xəbərlər

Bütün Xəbər Lenti