Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aparılan məlumatlandırma aksiyası gecə saatlarında da davam edir
- 27 fevral, 2025
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Nyu-York şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası davam edir.
“Report”un ABŞ bürosu xəbər verir ki, layihə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi və Azərbaycan – Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib.
“Heç vaxt unutma” və “Xocalıya Ədalət” şüarlarının, eləcə də Xocalı soyqırımı ilə bağlı tarixi faktların və matəm rəmzi olan qərənfillərin əks olunduğu LED ekranlı avtomobil gün ərzində BMT-nin Nyu-Yorkdakı Baş Qərargah binasının qarşısında dayanıb, şəhərin mərkəzi küçə və meydanlarında hərəkət edib.
Avtomobil Nyu-Yorkun Manhettan adasında yerləşən Bryant Parkdan və dünyanın maliyyə mərkəzi hesab olunan “Wall Street” küçəsindən keçərək, “The New York Times” nəşrinin və “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının qərargah binasının qarşısında, eləcə də hər gün yüzlərlə turistin ziyarət etdiyi “Times Square” meydanında dayanıb.
Şəhər sakinləri və turistlər LED ekranlı avtomobili müşayiət edən Azərbaycan – Amerika Gənclər Federasiyasının üzvlərinə yaxınlaşaraq Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətlər barədə ətraflı məlumat alıblar.
Gün ərzində aralıqsız aparılan məlumatlandırma aksiyası səhər saatlarına qədər davam edəcək.