Nyu-Yorkda Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
- 13 may, 2023
- 01:49
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Nyu-York şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gecə keçirilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin, Azərbaycan və Türkiyənin BMT yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun ev sahibliyi ilə Türk Evində baş tutub.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal, həmçinin Nyu-York şəhərində yerləşən diplomatik nümayəndəliklərin əməkdaşları, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri və iş adamları, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Ulu Öndər Heydər Əliyevin bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyət olduğunu deyib.
O əlavə edib ki, tarixin ən çətin dövrlərində müdrik zəkası və demokratik dövlət quruculuğu prinsiplərinə sadiq uzaqgörən siyasəti ilə Heydər Əliyev Azərbaycanı sağlam təməllər üzərində yenidən inşa edib: “O, bütün ömrü boyu Azərbaycanın azadlığı, istiqlalı, müstəqilliyi üçün əzmlə, fədakarlıqla mübarizə aparıb”.
X.İbrahim Heydər Əliyevin əziz xatirəsinin dünya var olduqca hər bir azərbaycanlının qəlbində yaşayacağını vurğulayıb.
Gecədə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi daxili və xarici siyasəti, uzaqgörən siyasət nəticəsində ölkəmizin rifahının təmin edilməsi, Azərbaycanın regionda və dünyada nüfuzunun artmasında göstərdiyi müstəsna xidmətlərindən danışıb. Ulu Öndərlə bağlı xatirələrini bölüşən Y.Əliyev Heydər Əliyevin ABŞ və BMT ilə əlaqələrinin qurulması və inkişafındakı rolu, eləcə də bu gün regionun və Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfələr barədə bəhs edib.
Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal isə Ulu Öndərin sadəcə Azərbaycanda deyil, türk dünyasında əvəzsiz imzasının olduğunu bildirib. O, Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığına verdiyi əvəzsiz tövhələrindən bəhs edib.
Mərasimdə Amerikanın Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Dünya Axıska Türkləri Birliyinin nümayəndəsi Şöhrət Temirov da çıxış edib.
Tədbirdə “Heydər Əliyev” adına təqaüd Pensilvaniya Universitetinin tələbəsi Meyson Kellerə təqdim edilib.
Gecədə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə Ulu Öndərin ABŞ-a rəsmi və işgüzar səfərlərini əks etdirən foto-sərgi təşkil olunub.