Nuran Abdullayev: "Türkdilli Dövlətlər Təşkilatı birgə media qurumu yaratmalıdır"
- 28 mart, 2022
- 17:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Türk Dövlətlər Təşkilatının Diaspor Forumu, üzv dövlətlərin gələcək perspektivdə əməkdaşlıq imkanlarını genişləndirəcək. Xüsusilə düşünürəm ki, növbəti diaspor forumu çərçivəsində türk dünyasından olan elm adamlarının görüşünü təşkil etmək, birgə əməkdaşlığın səviyyəsini qaldıracaq".
"Report"un Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayev Bursada keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diaspor Forumunda çıxışı zamanı bildirib.
Nuran Abdullayev, qeyri-hökumət təşkilatlarının həm inteqrasiya, həm də mediaya müsbət təsir gücünü artırmaq üçün birgə media qurumunun yaradılmasını təklif edib:
"Burada fəaliyyət göstərəcək media işçilərini yetişdirmək də xüsusilə önəmlidir. Bu istiqamətdə təqaüdlərin hazırlanması da məsələnin həllini daha rahat və real edə bilər".
Alyans sədri, Türk Dövlətləri Təşkilatının elm və mədəniyyət üzrə səfirlik statusunun təşkil edilməsinin diaspor fəaliyyəti üçün məqsədəuyğun olduğunu qeyd edib:
"Həmçinin düşünürəm ki, bu səfirlik institutunun iş prinsiplərinin müəyyən edilməsi də, əlaqələri gücləndirə və Qərb ölkələrində də diaspora fəaliyyətinin inkişafına təkan verə bilər".