Növbəti ildən Azərbaycan və Ermənistan arasında ticarət mübadiləsi genişlənə bilər - RƏY

Xarici siyasət
  • 25 dekabr, 2025
  • 14:09
Növbəti ildən Azərbaycan və Ermənistan arasında ticarət mübadiləsi genişlənə bilər -  RƏY

Növbəti ildən Azərbaycan və Ermənistan arasında ticarət mübadiləsi genişlənə bilər.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, son hadisələr ikitərəfli ticarət mübadiləsi üçün heç bir maneənin olmadığını göstərir:

"Əgər bir maneə varsa, o da hər iki ölkənin birbaşa yol-nəqliyyat infrastrukturunun hələ də açılmamış olmasıdır. Təbii ki, bu da müəyyən səbəblərə görə belədir. Ona görə də hazırda yol-nəqliyyat vasitəçisi kimi çıxış edən Gürcüstanın köməkliyi ilə ticarət əlaqələri qurulur. Hesab edirəm ki, növbəti aylarda satılan məhsulların nomenklaturası çoxala bilər. Yəni həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Azərbaycana məhsul ixracı mümkündür. Öz növbəsində, bu da ikitərəfli ticarət mübadiləsinin rəsmiləşdirilməsi deməkdir".

İ.Vəlizadə həmçinin beynəlxalq təcrübədə də keçmiş münaqişə ölkələrinin siyasi münasibətləri hüquqi baxımdan tam tənzimləmədən ticarət əlaqələrini bərpa etməsinə dair nümunələr mövcud olduğunu söyləyib.

İlqar Vəlizadə

Siyasi şərhçi eyni zamanda vurğulayıb ki, Azərbaycan və Ermənistanın bu ilin yekunlarına dair hesabatlarında xarici ticarət mübadiləsində artıq hər iki ölkənin adı çəkiləcək:

"Bu isə ticarətin rəsmiləşdirilməsi deməkdir. Yeri gəlmişkən, ilk ticarət mübadiləsində saldo Azərbaycanın xeyrinədir. Çünki yalnız Azərbaycan məhsulları Ermənistana ixrac edilib. Güman ki, gələcəkdə də bu saldo müşahidə olunacaq. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, neft və neft məhsullarını satır və bunlar qiymət baxımından digər məhsullardan daha bahalı sayılır. Ola bilər ki, yeni ildə Ermənistandan da Azərbaycana məhsul ixrac edilsin. Ancaq onların istehsalı daha çox qeyri-neft sektoruna aiddir. Burada təkcə hazır məhsullardan yox, eyni zamanda, xammaldan söhbət gedir. Yəni növbəti illərdə Ermənistandan Azərbaycana xammal idxal edilə bilər. Sülh müqaviləsi bağlandıqdan sonra isə ikitərəfli ticarət mübadiləmiz zənginləşə, ikitərəfli münasibətlər tam başqa müstəviyə keçə bilər".

Xatırladaq ki, dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.