Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 34-cü Ali Səviyyəli Toplantısı Nyu-Yorkda öz işinə başlayır
- 23 sentyabr, 2025
- 15:51

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda 34-cü Ali Səviyyəli Toplantısı keçiriləcək.
"Report" xəbər verir ki, toplantı ABŞ-nin Nyu-York şəhərində 23-26 sentyabr tarixlərində baş tutacaq.
"Multilateralizm Dönüm Nöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar" mövzusunda keçiriləcək tədbirdə bir çox cari və sabiq dövlət, eləcə də hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə edəcəklər.
Qeyd edək ki, bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük toplantı hesab olunur. Tədbirdə 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki baş nazirin iştirakı nəzərdə tutulub.
Tədbirin proqramında qlobal bərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji dəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhə gedən yol kimi sessiyalar yer alır. Müzakirə olunacaq mövzular arasında həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqət mərkəzində olacaq.