Nika Çitadze: Vaşinqton görüşü Cənubi Qafqazda sülhün təmini üçün ilkin mühüm şərtdir
- 08 avqust, 2026
- 16:16
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün əlverişli zəmin formalaşdırıb.
Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq, Qafqaz və Qara dəniz regionunun geosiyasəti üzrə ekspert Nika Çitadze Vaşinqton görüşünün birinci ildönümünü şərh edərkən deyib.
Onun sözlərinə görə, prosesin məntiqi nəticəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması olmalıdır.
"Bu gün iki ölkə arasında əməkdaşlığın inkişafı alqışlanmalıdır. Bu, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm ilkin şərtdir", - ekspert bildirib.
N.Çitadze qeyd edib ki, ABŞ-nin, Avropa İttifaqının, eləcə də hər iki tərəfin təşəbbüsləri sülh prosesinə mühüm töhfə verir: "Bu təşəbbüslər çərçivəsində həm Azərbaycan, həm də Ermənistanın liderləri sülhün bərqərar olunması istiqamətində siyasi iradə nümayiş etdirirlər".
Politoloq Azərbaycan xalqını ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etdiyini də bildirib.
"Azərbaycan dövlətinə iqtisadi, siyasi və geosiyasi baxımdan daha da güclənmə və möhkəmlənmə arzulayıram", - Nika Çitadze əlavə edib.