Nihal Saad: Şəhərlər təkcə betonla deyil, mədəniyyət, yaddaş və insanlarla qurulur
- 21 may, 2026
- 16:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Mədəni irsin şəhərsalma siyasətinə inteqrasiyası sosial həmrəyliyi və şəhərlərin dayanıqlığını artırır.
"Report" xəbər verir ki, bunu BMT Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı və gücləndirici mədəni canlandırma" adlı müzakirədə videomüraciət zamanı deyib.
Nihal Saad bildirib ki, şəhərsalma məsələlərinə yalnız infrastruktur prizmasından yanaşmaq düzgün deyil:
"Şəhərlər təkcə betonla deyil, mədəniyyət, yaddaş, kimlik və insanlarla qurulur. İnsan mərkəzli yanaşma və aidiyyət hissinin formalaşdırılması burada əsas rol oynayır".
Direktor BMT Sivilizasiyalar Alyansının mədəni irsi xalqlar arasında dialoq platforması, qarşılıqlı anlaşma vasitəsi və sosial dayanıqlığın mühüm elementi kimi qiymətləndirdiyini qeyd edib.
Onun sözlərinə görə, icmalar öz irsinin qorunması və yenidən formalaşdırılması prosesinə cəlb olunduqda, şəhərlərin gələcəyinin qurulmasında da fəal iştirakçıya çevrilirlər.
O, yekunda Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib və Bakının qlobal tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb.