Nigar Ramazanova BMT iclasında Ermənistanı kütləvi məzarlıqlara dair məlumatları gizlətməkdə ittiham edib
- 30 sentyabr, 2026
- 16:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan açıq qarşılıqlı əlaqədən boyun qaçırır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi məzarlıqların yerləşdiyi yerlər barədə əhatəli məlumat və ya koordinatları təqdim etmir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan QHT-ləri Milli Forumunun üzv təşkilatının nümayəndəsi Nigar Ramazanova sentyabrın 28-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində keçirilən iclasda çıxış edərkən bildirib.
N.Ramazanova vurğulayıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır: "Təəssüf ki, Ermənistan bu kütləvi məzarlıqların yerləşdiyi yerlərin koordinatları və ya bu barədə əhatəli məlumat təqdim etməyərək şəffaf əməkdaşlıqdan imtina edir".
O, Şuraya müraciət edərək Ermənistandan öz beynəlxalq öhdəliklərini yerinə yetirməsini, bütün zəruri kartoqrafik materialları təhvil verməsini və bu insanların, eləcə də onların ailə üzvlərinin əsas hüquqlarına riayət etməsini qətiyyətlə tələb etməyə çağırıb: "İtkin düşənlərin ailələrinin öz yaxınlarının taleyini bilmək hüququ var".
N.Ramazanova mina təhlükəsi probleminə də toxunub. Bildirib ki, ərazilərin minalarla çirklənməsi yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz qayıtmaq hüququnun reallaşmasına əhəmiyyətli dərəcədə mane olur.
"Onilliklər boyu davam edən işğal ərzində Ermənistan Azərbaycan ərazilərində minalar basdıraraq uzunmüddətli humanitar təhlükə yaradıb. Minalar bu gün də dinc sakinlərin həyatına son qoymağa davam edir", - deyə o qeyd edib.