Nəsimi Ağayev: Azərbaycanla Ermənistan arasında sülh praktikada da mövcuddur

Xarici siyasət
  • 24 oktyabr, 2025
  • 14:50
Nəsimi Ağayev: Azərbaycanla Ermənistan arasında sülh praktikada da mövcuddur

Azərbaycan və Ermənistan arasında sülh təkcə kağız üzərində deyil, praktikada da mövcuddur.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində keçirilən bu ölkənin ən böyük logistika konfransı olan "BVL Təchizat Zənciri"ndə (BVL Supply Chain CX) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Orta Dəhliz bu gün yalnız iqtisadi əməkdaşlıq üçün deyil, həm də siyasi yaxınlaşma və əlaqəlilik üçün mühüm əhəmiyyət daşıyır:

"Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanması onilliklər boyu davam edən münaqişədən sonra tarixi dönüş nöqtəsini ifadə edir. Bu irəliləyişin birbaşa nəticələrindən biri Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvanla, oradan da Türkiyə ilə birləşməsini təmin edəcək TRIPP marşrutu barədə əldə edilən razılaşmadır. Bu layihə sadəcə yeni bir nəqliyyat xətti deyil, dəyişən bir regionun rəmzidir, ayrılıqdan əməkdaşlığa, blokadadan əlaqəliliyə keçidin simvoludur. Bununla da Orta Dəhliz təkcə tranzit yolu olmaqdan çıxaraq Avropa və Asiya arasında sülhün və inkişafın gerçək körpüsünə çevrilir".

Səfir həmçinin bildirib ki, Azərbaycan bu həftə Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb:

"İlk tranzit daşınması Qazaxıstandan Ermənistana göndərilən taxıl olub və bu əməliyyat uğurla başa çatıb. Bu, çox güclü bir mesajdır: Azərbaycan və Ermənistan arasında sülh təkcə kağız üzərində deyil, praktikada da mövcuddur. Bu yeni reallıq açıq sərhədlər, iqtisadi əməkdaşlıq və ortaq inkişaf üçün zəmin yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti