Nazir müavini: İtkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirlməsində iştirak etməyə hazırıq
- 09 oktyabr, 2025
- 12:57

Türkiyə itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi işlərində iştirak etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlu Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, dünyada davam edən münaqişələr çox sayda insanın itkin düşməsinə, ailələrindən uzaq qalmalarına səbəb olur:
"Məsələn, Koreya müharibəsində Türkiyə 2 mindən artıq itki verib, 167 vətəndaşımız haqqında məlumat yoxdur. Birmənalı olaraq, müharibələrin, münaqişələrin əleyhinəyik".
Türkiyəli nazir müavini Qarabağ münaqişəsinin həll edilmədiyi müddətdə Azərbaycanın 4 mindən artıq vətəndaşının itkin düşdüyünün xatırladıb:
"Biz qardaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində görülən işlərdə yaxından iştirak etməyə hazırıq. İnsanların itkin düşməsi ilə bağlı rəqəmlər tək statistika deyil, bu həm də işıqları sönən ailələrin hekayəsidir".