Muxtar Babayev: Kiçik ada ölkələri üçün iqlim dəyişikliyi sağ qalmaq məsələsidir
- 07 sentyabr, 2026
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiçik ada ölkələri üçün iqlim dəyişikliyi sağ qalmaq məsələsidir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) deyib.
Onun sözlərinə görə, aşağı gəlirli ölkələr iqlim dəyişmələrinin həlli üçün cəmi 3 faiz vəsait əldə edə bilir:
"Bu bizi narahat etməlidir. Biz, həmçinin nəzərə almalıyıq ki, ölkələr çox fərqli reallıqlarla üzləşirlər. Bəzi ölkələr üçün iqlimlə bağlı fəaliyyət enerji təhlükəsizliyi, rəqabət qabiliyyəti və keçidin iqtisadi xərcləri ilə sıx bağlıdır. Digərləri üçün isə iqlim təsirləri artıq əsas təhlükəsizlik probleminə çevrilib. Kiçik ada dövlətləri üçün iqlim dəyişikliyi sağ qalmaq məsələsidir. Bu fərqli reallıqlar eyni beynəlxalq proses çərçivəsində qalmalıdır".
M.Babayev əlavə edib ki, davamlılığı qorumaq mütləqdir:
"Beynəlxalq iqlim prosesi hər COP-da yenidən başlamağı gözə ala bilməz. Əvvəlki razılaşmalar daimi yenidən müzakirə mövzusu deyil, işin növbəti mərhələsi üçün əsas olmalıdır. Lakin davamlılıq həm də öhdəliklərin yerinə yetirilməsinin davam etdirilməsi deməkdir. İrəliləyişi öz-özünə təmin olunmuş hesab etmək olmaz. İkincisi, icranı görünən etməliyik. Dünya Bankının hesablamalarına görə, yeni infrastrukturun dayanıqlılığının təmin edilməsi investisiya ehtiyaclarını cəmi təxminən 3 faiz artıra bilər".
M.Babayev, həmçinin deyib ki, iqlim maliyyəsinə çıxış daha asan olmalıdır:
"Maliyyə yalnız investisiya üçün ən əlverişli yerlərə deyil, ehtiyacın ən çox olduğu yerlərə çatmalıdır. Bununla yanaşı, siyasi münasibətlər çətinləşsə belə, dialoqu qorumalıyıq. Su qıtlığı regional gərginliyi artıra bilər, ərzaq təhlükəsizliyinin olmaması sosial və iqtisadi təzyiqi artıra bilər, iqlim fəlakətləri həssas iqtisadiyyatları daha da zəiflədə bilər. Buna görə də ekoloji əməkdaşlıq başqa bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır".